Hərakat üzvləri  Azərbaycanın fəaliyyətini, sədrliyini yüksək qiymətləndirirlər - ÖZƏL

"Azərbaycanın Qoşulmama Hərakatına sədrliyi dönəmində hərakatın fəaliyyəti, aktivliyi, yeni təşəbbüslərlə çıxış etməsini biz müşahidə edə bildik". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Hərakatın dünyada gedən qlobal proseslərdə, pandemiya, yeni çağırışlar və s. istiqamətlərdə fəaliyyəti nəzərə çarpacaq dərəcədə artdı. Bu təbii ki, Azərbaycanın, onun lideri Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi idi. Baxmayaraq ki, Azərbaycanın sədrliyi pandemiya dövrünə təsadüf etmişdi. Bununla belə Qoşulmama Hərakatı çox fəal şəkildə pandemiya və qlobal məsələlərlə bağlı mövqeyini ortaya qoydu, konfranslar keçirildi, yeni strukturların yaradılması, gənclər hərakatı və s. Bu gün toplantıda səsləndi ki, artıq qadınlar təşkilatı da yaradılacaqdır. Yəni, bu istiqamətlərdə biz çalışmaları müşahidə edə bildik. Ona görə hesab edirəm ki, bunlar çox sanballı nəticələrdir. Elə məhz buna görədir ki, baxmayaraq ki, Azərbaycanın sədrliyi 3 illik idi (2019-2022), amma hərakat üzvləri yekdilliklə Azərbaycanı sədrlik müddətinin daha bir il artırılmasını səs verdi və 2023-cü ilin sonlarına qədər Azərbaycan daha bir il də sədrlik edəcək. Bütün bunlar hamısı göstərir ki, hərakat üzvləri də Azərbaycanın fəaliyyətini, sədrliyini yüksək qiymətləndirirlər, bu fəaliyyətin davamını arzulayırlar. Təbii ki, bütün bunlar hamısı eyni zamanda Azərbaycanın həm də artan gücünün, təsir imkanlarının genişlənməsinin göstəricisidir. Biz bütün bunların hamısını müsbət qiymətləndiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31