Albaniya prezidenti Bakıya gəlir (ƏLAVƏ OLUNUB)

Albaniya prezidenti Bayram Beqay Azərbaycana səfərə yola düşüb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, onun energetika sahəsində Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, ssəfər zamanı ikitərəfli əməkdaşlıq, həmçinin Albaniyada müasir qazlaşdırma şəbəkəsinin inşasına olan qarşılıqlı maraq müzakirə olunacaq.

Eyni zamanda səfər çərçivəsində Albaniyadan regionun digər ölkələrinə qazın paylanması üzrə layihələrin reallaşdırılmasına xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, Albaniya getdikcə daha böyük əhəmiyyət kəsb etməkdə olan Cənub Qaz Dəhlizinin Avropa hissəsinin ərazisinin keçdiyi ölkələrdən biridir. Bununla belə, hazırda lazımi infrastruktur olmadığından Albaniya Azərbaycan qazını almır. Albaniya ölkənin və regionun enerji təhlükəsizliyinin artırılması üçün Vloradakı İES-i TAP-la qaz kəməri vasitəsilə, həmçinin maye təbii qaz terminalı ilə birləşdirmək niyyətindədir. Bu yaxınlarda Avropa Komissiyasının hesabatında qeyd olunduğu kimi, Albaniyanın Trans-Adriatik Boru Kəməri və İon-Adriatik Boru Kəməri kimi regional qaz kəmərlərinə qoşulması regionun enerji təhlükəsizliyini artıracaq.

Qeyd etmək lazımdır ki, 2026-cı ildən TAP vasitəsilə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql olunacaq ki, bunun da 1 milyard kubmetri İtaliyanın, 200 milyon kubmetri isə Albaniyanın payına düşəcək.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-may aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 355,87 min dollar olub. Bu məbləğin 104,68 min dolları Azərbaycandan Albaniyaya ixracın, 251,19 min dolları isə Albaniyadan Azərbaycana idxalın payına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31