Ulu Öndər Azərbaycanı tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxardı - ÖZƏL
9 İyun 2023 12:08 Siyasət"1992-1993-cü illərin mənzərəsi aydın, reallıqlar bəllidir. Həmin vaxt ölkədə AXC-Müsavat cütlüyü idarəetmə sükanının arxasında olsa da, Azərbaycan idarəolunmaz vəziyyətdə idi. Bu situasiya ölkəni siyasi, ideoloji, ictimai, iqtisadi baxımdan iflic vəziyyətinə salmışdı". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi icmalçı Nurlan Qələndərli qeyd edib ki, respublikanı idarə etmək, hakimiyyət səlahiyyətlərini yerinə yetirmək üçün məsuliyyət daşıyan şəxslər həm hazırlıqlı, həm də yerində deyildilər: "Ölkədə xaos və anarxiya, hakimiyyətdaxili çəkişmələr pik həddə çatmışdı. Ayrı-ayrı qruplar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdi. Özbaşınalıq, özfəaliyyət gündəlik ictimai-siyasi həyat tərzinə çevrilmişdi. Belə bir şəraitdə, hakimiyyət böhranının, qruplararası çəkişmənin ən yüksək həddə çatdığı vaxtda - 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başçılıq etdiyi qrupla hökumət qüvvələri arasında toqquşma baş verdi. Bu, hakimiyyət daxilində iki fərqli qrupun toqquşması idi. Və Azərbaycan vətəndaş müharibəsinə sürüklənirdi. Tarixi-siyasi məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı xilas edəcək, tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxaracaq lider - şəxsiyyət, inam və etimad ünvanı lazım idi. Bu isə zəngin dövlətçilik təcrübəsinə malik müdrik dövlət xadimi, vətənpərvər şəxsiyyət Heydər Əliyev idi".