İran şou göstərir - ÖZƏL

"İranın bu addımı acı təəssüf doğurur. Çünki İrandan fərqli olaraq Azərbaycan bu ölkədə heç bir casus şəbəkəsi saxlamır və Azərbaycanın buna marağı da yoxdur".

Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov İranın azərbaycanlı gənci casus adı altında həbs etməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, Azərbaycanın İranda, Tehran şəhərində bir rəsmi təmsilçiliyi var idi, onu da İran hansı vəziyyətə gətirdi, hamımız şahidi olduq: "Azərbaycanda isə geniş İran şəbəkəsi var və bu əsasən gənclərdən ibarətdir. İran illərdir dini təhsil və ideologiya adı altında ölkəmizdə geniş bir casus şəbəkəsi yetişdirir və bu şəbəkə ölkəmizin milli maraqlarının əleyhinə fəaliyyət göstərir. Zamanında Azərbaycanın xüsusi xidmət orqanları bu qrupun böyük bir hissəsini zərərsizləşdirib və həbs edib. İndi İran öz aləmində guya bu addımı təkrar etməklə Azərbaycanda olan prosesi dayandırmağa çalışır. Lakin İranda həbs olunan Azərbaycanlı gənc tam günahsızdır". 

"Dediyim kimi Azərbaycanın İranda heç bir casus fəaliyyəti göstərmək marağı yoxdur. Bunun əksi olsa idi Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırmazdı", deyən politoloqun sözlərinə görə, bütün bunlar bir daha sübut edir ki, İran sadəcə olaraq şou göstərir və casus bəhanəsi ilə vətəndaşlarımızı əsassız yerə həbs edir: "Bütün bu hadisələr göstərir ki, Azərbaycan vətəndaşları İrana getməkdən çəkinməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31