Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir - ÖZƏL
7 İyun 2023 10:25 Siyasət"Prezident İlham Əliyevin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilməsi yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası müvəffəqiyyətlə təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir: "Bu proqramda qeyd edildiyi kimi: "Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur".