Köhnə maşınlara yeni rüsumlar tətbiq ediləcək
6 İyun 2023 15:12 Siyasət
Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna köhnə avtomobillərin utilizasiyası ilə bağlı dəyişikliklər müzakirə edilib. Olaylar xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödənilir.
Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfındən ödənilməsi gömrük orqanları tərəfindən təmin edilir.
Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödənilir.
Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən edilir.
Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini bu Qanunun 14-4-cü və 14-5-ci maddələrində nəzərdə tutulan reyestrdə qeydiyyata alınmış şəxslər (bundan sonra -utilizatorlar) və digər şəxslər həyata keçirə bilər.