Ermənistan diplomatik müstəvidə real addımlar atmalıdır - ÖZƏL
5 İyun 2023 16:13 Siyasət"Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiyası başa çatmamış bu ərazilərdə hər hansı qarşıdurmanın olması labüddür".
Bu fikirləri"OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Azərbaycan öz sərhədlərini daha etibarlı vəziyyətə gətirmək üçün müəyyən tədbirlər görür:
"Bu həm də Ermənistan tərəfdən mümkün ola biləcək təxribatların qarşısını almağa hədəflənib. Ermənistanın şərti sərhəddə texnika və canlı qüvvə toplaması Azərbaycanın apardığı qətiyyətlə addımlara qarşı yönələ bilər. Çünki bu addımlarla Azərbaycan qarşı tərəfi istər sərhəd məsələsində, istərsə də Zəngəzur dəhlizinin açılmasında real addımlar atmağa vadar edir". Politoloqun sözlərinə görə, Ermənistan yaxşı başa düşür ki, əgər bu istiqamətdə addımlar atmazsa bir müddət sonra umumiyyətlə ərazi məsələsində daha da geri gedəcək:
"Artıq hansısa tarixi xəritələr də onlara kömək etmir. Ona görə də ermənilər şərti sərhəddə canlı qüvvə və texnika toplamaqla vəziyyəti daha da gərginləşdirə bilərlər. Təbii ki, bu da onların ziyanına işləyəcək. İndiki dövrdə Ermənistan siyasi hakimiyyəti qarşıdurmanın qarşısını almaq üçün diplomatik müstəvidə real addımlar atmalıdır".