Parlaq gələcəyimizin təminatçıları - milli ruhlu, vətənpərvər gənclərdir

İstiqamət -  gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Hər bir dövlətin gələcəyi heç şübhəsiz ki, onun sağlam ruhda böyüyən gənclərindən asılıdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, gənclərin hansı formada, necə böyüməsi, tərbiyə almasında dövlətin, onun müvafiq qurumlarının fəaliyyəti əsas şərtdir. Əgər dövlət və bu sahə ilə məşğul xüsusi bir dövlət qurumu öz üzərinə götürdüyü missiyanı layiqincə icra edib, gənclərlə doğru-düzgün işləsə, onların problemləri ilə maraqlansa, eyni zamanda həmin problemlərin həllinə dəstək olsa, onları aradan qaldırsa, öz növbəsində gənclərin də dövlətə inam hissi formalaşar, həmin dövlət uğrunda canından belə keçməyə cəhd göstərər. Necə ki, 44 günlük Vətən Müharibəsi zamanı biz bunun əyani şahidinə çevrildik. Məhz dövlətin gənclərlə yaxından işləməsi, onlara göstərilən diqqət və qayğı, gənclərinin gündəlik qayğılarının həlli istiqamətində zaman-zaman atılan addımlar nəticə etibarilə sağlam ruhda, vətənpərvər gənclərin formalaşmasına yol açdı ki, o gənclik də Vətən müharibəsində düşmənə layiqli cavab verdi. Nəticə etibarilə, Azərbaycan həmin vətənpərvər gənclərin hesabına torpaqlarını işğaldan azad etdi, 30 ilə yaxın düşmən işğalı altında olan ərazilərimizi azadlığa qovuşdurdu. Ancaq onu da etiraf edək ki, Azərbaycan gəncliyi heç də tarixin bütün dövrlərində bu qədər vətənpərvər, ölkəsinə bağlı olmayıb. Xüsusilə, müstəqilliyin ilk illərində belə bir mənfi tendensiya müşahidə edilirdi. Dövlətin gəncləri başlı-başına buraxması, onların heç bir probleminə diqqət etməsi gənclərin tezliklə xarici qüvvələrin təsir dairəsinə düşməsinə gətirib çıxarırdı. Elə ictimai-siyasi fəal Anar Salehoğlu da belə deyir. O bildirib ki, Azərbaycan tarixi özündə böyük mədəniyyəti, dövlətçilik ənənələrini və milli-mənəvi dəyərləri birləşdirir. Xalqımız zaman-zaman bu ali dəyərlər uğrunda mübarizə aparmış və vuruşmuşdur: "Bu baxımdan doğma vətənimizdə milli ruh və vətənpərvərlik anlayışları dərin məna daşımaqla yanaşı həm də qədim tarixi əsaslara malikdir. Biz buna saysız-hesabsız misal çəkə bilərik. Xüsusilə XIX və XX əsrlər belə hadisələr ilə əlamətdardır. Çar Rusiyasının və SSRİ-nin mənfur siyasətlərinə məruz qalan həmvətənlərimiz daim avtoritar, totalitar və imperialist rejimlər ilə milli mübarizə aparmış, onlara boyun əyməmişdir. Məhz bunun nəticəsində biz müsəlman şərqində ilk demokratik respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini qurmuş və bütün dünyaya demokratiya nümunəsi göstərmişik". Anar Salehoğlu deyib ki, ancaq tarixi ədalətsizliklər üzündən müstəqilliyimizi və azadlığımızı itirmək məcburiyyətində qaldıq: "Sözsüz ki, düşmənlər və işğalçılar qəlbimizin dərinliklərində alışıb-yanan hürriyyət alovunu söndürə bilmədilər. XX əsrin sonlarında dövlət müstəqilliyimizi bərpa edib öz tarixi irsimizə sahib çıxdıq. Lakin başımızın üstündəki qara buludlar çəkilmədi, ağır və məhrumiyyətlərlə dolu günlərdən, hadisələrdən və proseslərdən keçməli olduq. Həmin taleyüklü mərhələdə xalqın milli ruhlu, vətənpərvər oğlu Heydər Əliyev onun səsinə-səs verdi. Böyük düha o, dövr üçün öz xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi, Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu".

Natiq qeyd edib  ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini həll edəcək milli ruhlu, vətənpərvər gənclərin yetişməsində həlledici rol oynadı: "Biz onun düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bunlara nail olduq. Ümummilli liderdən sonra onun irsi prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik illərindən yetişən gənclər 44 günlük vətən müharibəsində müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya milli ruhun, vətənpərvərliyin, xalqa qarşı olan sevginin ən yüksək səviyyə və nümunəsini nümayiş etdirdilər. Bütün bunlar göstərdi ki, son 30 ildə Azərbaycanda gənclər siyasəti düzgün təşkil olunub. Onlar haqqında ümumi rəy fərqli idi. Xüsusilə yaşlı nəslin əksəriyyəti gənclərə etimad göstərmirdilər. Bu isə həmin insanların başqa bir sistemin - Sosializm cəmiyyətinin, gənc nəsilin isə müasir və müstəqillik illərinin, o, cümlədən kapitalizm cəmiyyətinin yetirmələri olması ilə əlaqədar idi. Ancaq Zəfər Yürüşü bunun əksini hər kəsə göstərdi, həm də əyani olaraq!"

Anar Salehoğlu deyib ki, günümüzdə gənclərin milli ruhda və vətənpərvər şüurunda yetişdirilməsində dövlət tərəfindən mühüm addımlar atılır. Hökümət və qeyri hökumət təşkilatları bu istiqamətdə davamlı layihə və tədbirlər həyata keçirirlər: "Ölkə rəhbərliyinin diqqət və qayğısı bu sahənin dayanıqlı inkişafına stimul verir. Hal-hazırda Azərbaycanda gənclər arasında milli mənlik hissinin, vətənpərvərlik ruhunun səviyyəsi yüksək, təməlləri isə sağlamdır. Bu isə gələcəyə böyük ümidlər vəd edir".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31