Kişineu görüşündən gözləntilər nədir?
2 İyun 2023 11:51 SiyasətBəlkə də ötən 30 il ərzində bu qədər diplomatik fəallıq, səylər olmayıb ki, bu gün həmin tendensiya müşahidə edilir. Az qala hər kəs, regiona yaxından və uzaqdan heç bir bağlılığı olmayan ölkələr də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, iki öıkə arasında sülh müqaviləsinin bağlanmasını arzulayır. Hətta bir çoxları öz təşəbbüslərini, vasitəçiliklərini belə irəli sürürlər.
İkinci Qarabağ müharibəsi başa çatandan bəri neçənci görüş və formatdır ki, Azərbaycan və Ermənistan liderləri görüşür. Bu dəfə görüş yeri Moldova oldu. Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə Azərbaycan və Ermənistan liderlərinin görüşü üçtərəfli formatda deyil, beşli çərçivədə baş tutdu. Belə ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla bərabər, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron da iştirak edir. Bir qayda olaraq Fransa rəhbəri pozuculuq missiyası həyata keçirdiyi üçün Kişineu görüşündə də Makronun erməni maraqlarından çıxış edəcəyi danılmazdır. Bəs, görəsən bu baxımdan Kişineu görüşü Azərbaycan üçün nə dərəcədə çətin olacaq?
"Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı hesab edir ki,Kişineu görüşü ilk baxışda danışıqlar prosesində balansın pozulması kimi görünsə də, lakin istənilən halda hansısa balansın pozulması Azərbaycanı öz mövqeyindən yayındıra bilməz:
"Digər tərəfdən Azərbaycanın çox güclü, zəngin, dərin diplomatik təcrübəyə malik prezidenti var. Dövlət başçımız istənilən situasiyalarda Azərbaycanın mövqeyini qəti şəkildə müdafiə etməyə, hər bir görüşdən qalib ayrılmağa qadir olan bir prezidentdir. Ona görə də hər hansı bir formatda keçirilən görüşlərdən Azərbaycan heç vaxt ehtiyyat etməyibə və bundan sonra da ehtiyyat etməyəcək. Çünki Azərbaycanın işi haqq işidir, haqq mübarizəsidir".
.jpg)
Arzuman Muradlı ancaq bütün halda indiyə qədər keçirilən görüşlər kimi Kişinyov görüşünün də Ermənistanla sülh müqaviləsinin imzalanmasına ciddi bir təsir göstərməyəcəyi qənaətindədir. İctimai Birlik sədri "Sülh müqaviləsinin imzalanmasının yeganə yolu Ermənistanı sülhə məcbur etməkdir" deyə, vurğulayıb.
Politoloq Azər Qasımov isə deyib ki, Kişinyovda keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşü bu dəfə fərqli formatda, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə baş tutdu:
"Azərbaycan öz mövqeyini həlledici hesab olunan görüşdə tək müdafiə etdi. Azərbaycan uzun illər öz mövqeyini tək müdafiə etməyə alışıb".
Politoloq deyib ki, Ermənistanın yanında havafarlarından biri və ya bir neçəsi mütləq olmalıdır: "Amma bu, reallıqları dəyişə bilməz. Azərbaycan nə etdiyini və hansı nəticə almaq istədiyini yaxşı bilir. Ermənistanın yanında az qala bütün dünya durdu, amma bu günkü nəticələrə təsir edə bilmədilər. İndi də belə olacağı şübhəsizdir".
Azər Qasımov deyib ki, Azərbaycanın mövqeyi haqqlı olduğu üçün heç kim gerçəkləri dəyişə bilmir və bilməyəcək də: "Kişinyov görüşü də balans baxımından bəlkə Azərbaycanın əleyhinə kimi görünə bilər, amma Azərbaycan öz balansını çoxdan saxlayıb. Bütün kartlar onun əlindədir. Yeni oyunçuların oyuna girməsi heç nəyi dəyişə bilməz, sadəcə azarkeş olmaqdan başqa".
Süleyman