Dərin tarixi köklərə malik Azərbaycan-İsrail əlaqələri
2 İyun 2023 13:02 SiyasətDərin tarixi köklərə malik olan Azərbaycan-İsrail münasibətləri müstəqillik illərindən sonra daha da inkişaf etdi, özünün yeni bir mərhələsinə qədəm qoydu. Düzdür, həmin illərdə Bakı ilə Təl-Əviv arasında əlaqələr o qədər də istənilən kimi, bu günkü səviyyədə olmasa da, ancaq ümumilikdə iki ölkə arasında əlaqələri, əməkdaşlığı inkişaf etdirməkdə həm Bakının, həm də Təl-Əvivin maraqlı olduğu açıq-aydın hiss edilirdi. İsrail rəsmilərinin, hökumət rəhbərlərinin istər birbaşa Azərbaycana səfər etmələri, istərsə də tranzit ölkə kimi Azərbaycandan istifadə edərkən Bakıda olmaları və qısa müddət ərzində olsa da, Azərbaycan rəsmiləri ilə görüşlər, müzakirələr keçirməsi yəhudi dövlətinin müsəlman Azərbaycanına olan marağından irəli gəlirdi.
Son illərdə isə iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi kimi müsbət tendensiya müşahidə edirik. Bu tendensiyanı sürətləndirən isə Azərbaycanın İsraildə səfirlik açması oldu. Artıq Azərbaycanla İsrail əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb desək yanılmarıq. Təsadüfi deyil ki, elə İsrailin prezidenti İsxaq Hersoq da bu günlərdə Azərbaycanda rəsmi səfərdə olarkən bu faktı istisna etmədi.
İsrail prezidentinin Azərbaycana səfərinə diqqət çəkən siyasi ekspert Çingiuz Şahbazi deyib ki, Azərbaycan və İsrail münasibətləri dərin tarixi köklər üzərində qurulub. Onun sözlərinə görə, bu köklər Azərbaycanda yaşayan Yəhudi xalqının Azərbaycana və azərbaycanlılara olan sevgisi və onları bir birinə bağlayan doğmalıq telləri üzərində formalaşıb.
Çingiz Şahbazi bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə, İsrail prezidenti İsxaq Hersoq arasında rəsmi görüş iki ölkə arasında səmimi dostluq və əməkdaşlıq çərçivəsində keçirilib:
"Gorüş zamanı müxtəlif ikitərəfli və regional məsələlər müzakirə olunub. Ticarət, energetika və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı vurğulanıb. Görüş zamanı İsrail prezidenti İsxaq Hersoq Azərbaycanı, regionun ən əhəmiyyətli ölkəsi kimi qeyd edərək, Azərbaycan ilə qarşılıqlı əlaqələrin genişlənməsi tərəflər üçün olduqca faydalı hesab edirik, deyə qeyd edib. "Azərbaycan bizim üçün eyni zamanda dost ölkədir və onunla əlaqələr xarici siyasətimizdə prioritet istiqamətdir" bu sözləri jurnalistlərə açıqlamasında prezident İsxaq Hersoq deyib".
Ekspert bildirib ki, dünya mediasında yer alan bu səfər həmçinin İsrail və Azərbaycan arasında münasibətlərin təsadüf olmadığını göstərməkdədir:
"Bu münasibətlərin son illərdə daha da inkişaf etdirilməsi dünyanın ən tanınmış mətbuat səhifələrində dərc olunur. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və Azərbaycanla böyük ticarət əlaqələrinə malikdir. Ölkəsinin neftə olan tələbatının 40 faizini Azərbaycandan idxal edən İsrail, hərbi sahədə sıx əməkdaşlıq əlaqələrimizin olduğu ölkələrin önündə gəir. Hərbi, energetika və kənd təsərrüfatı sahəsində iki ölkə arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələrimiz mövcuddur və İsrail prezidentinin indiki geniş tərkibdə ölkəmizə səfəri və bu çərçivədə keçirilən görüşlər bu və digər sahələrdə aparılan işlərin daha da inkişaf etdirilməsi istiqamətində öz müsbət təsirini göstərəcəkdir".
Ekspert onu da diqqətə çatdırıb ki, 44 gunlük Vətən müharibəsində, Qələbənin əldə olunmasında dost İsraildən aldığımız hərbi texnikanın da xüsusi yeri olub və İsrail dövləti bu haqq işimizdə Azərbaycanın yanında durdu. Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında dostluq, əməkdaşlıq və strateji əlaqələr Cənubi Qafqaz regionunda birmənalı qarşılanmır:
"Bu əlaqələr region ölkələrinə öz təsirini göstərir. Biz bilirik ki, İsrail bir çox qonşu və digər müsəlman ölkələri ilə uzun illərdir düşmənçilik içərisində yaşayır və bizim qonşumuz İranın siyasətində bu ölkəyə qarşı zaman- zaman kəskin tənqid və təhdid dolu bəyanatlar səslənir. Yaxın Şərq ölkələri ilə İsrail arasında səngiməyən munaqişələr və günahsız insanların qətlə yetirilməsi və digər halların baş verməməsinə dair Azərbaycan və İsrail arasında əlaqələr, digər müsəlmanlarla yəhudilərin sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün , açıq dialoq forumasına gözəl nümunə və mesaj hesab edilə bilər".
Füzuli