Erməni vandalizmi: qəbirlər təhqir olunub
20 Aprel 2023 12:24 Siyasət"İşğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan şəhər və rayonlarında tərəfimdən həyata keçirilən faktaraşdırıcı missiyalar çərçivəsində soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqların kütləvi şəkildə dağıdılaraq müxtəlif formada təhqir edilməsi, bu ərazilərdə yerləşən tarixi, mədəni, dini abidələrin məhv edilməsi, eləcə də mədəni irsin saxtalaşdırılması, talan edilməsi və oğurlanması ilə bağlı faktlar müəyyən edilmişdir". "Olaylar"ın məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib. Bildirib ki, Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirmək məqsədilə həmin ərazidə monitorinq aparılmışdır: "Burada Birinci Qarabağ Müharibəsi dövründə qeyri-insani formada dəfn edilmiş şəxslərin cəsədlərinin təhqir edilməsini sübut edən faktlar araşdırılmış və beynəlxalq hüquqi tədbirlərin görülməsi ilə bağlı təcili addımların atılmasına nail olmaq məqsədilə təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara təqdim edilmişdir".