Heydər Əliyev Azərbaycan dilini milli dövlətimizin rəmzlərindən birinə çevirdi - ÖZƏL

"Müstəqilliyə gedən yolda ana dilimizin nüfuzunun güclənməsi ulu öndər Heydər Əliyevin vaxtı ilə yürütdüyü siyasətin nəticəsi idi. Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətə və xalqa yenidən rəhbərlik edən ulu öndər Heydər Əliyev ana dili məsələsinə müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini işləyib hazırladı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, 1995-ci ildə gəbul edilən Konstitusiyamızda Azərbaycan dili milli dövlətimizin rəmzlərindən biri olaraq təsbit edildi. 2001-ci ildə ümummilli liderimizin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında dövlət dilimiz olan Azərbaycan dili bərqərar edildi. Latın qrafikasına keçid prosesi başa çatdırıldı: "Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, 1 avqust Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 30 sentyabr 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycanda dövlət dili haqqında" Qanun təsdiq olundu. Bu qanunda göstərilir ki, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun təbliği, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Qəbul edilmiş digər Fərman və Sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan dilinin qorunmasına, bu dilin təmiz şəkildə nəsillərə ötürülməsinə həsr edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31