Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlar prinsiplərinə köklənsələr daha yaxşı olar - ÖZƏL
13 Aprel 2023 16:10 Siyasət"Ermənilər təəsüf ki, sülh müqaviləsini imzalamaq, sərhədlərin müəyyənləşdirilməsi, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması kimi məsələlərə köklənməkdənsə, bu cür təxribat əməlləri həyata keçirirlər və laiqli şəkildə də cavablarını alırlar, bundan sonra da bu belə olacaq".
Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Mən çox təəsüf edirəm ki, bizim bu cür qəhrəman vətən oğullarımız bu xain əməllər nəticəsində şəhid olurlar və bu məsələlərdə bizim itkilərimiz də olur. Allah onlara rəhmət eləsin, bu bizim acımızdır. Lakin mən qeyd edim ki, ermənilər bilməlidirlər ki, nə Azərbaycan, nə də Azərbaycan ordusu əvvəlki deyil. Burada hər hansısa bir belə addımların qarşısı artıqlaması ilə veriləcək. Ermənistanın isə təxribatlarda yəqin ki, məqsədi bölgədə stabilliyin və sabitliyin olmadığı, Rusiya sülhməramlılarının prosesə nəzarət edə bilmədiyi ilə bağlı görüntü yaratmaq, xarici aləmdə bu hərəkətlərin birinci Azərbaycan tərəfindən törədildiyi ilə bağlı təbliğat aparmaq və bizə qarşı təzyiqləri gücləndirməkdir. Biz aprelin 12-si gördük ki, Fransa Xarici İşlər Nazirliyi qərəzli bəyanat verdi, Azərbaycanı bu məsələdə ittiham elədi. Ermənistan bu cür bəyanatların, siyasi, diplomatik təzyiqlərin artması və bunun fonunda da Fransanın liderlik etdiyi Avropa İttifaqının missiyasının geniş şəkildə bölgəyə cəlb olunmasına maraqlıdır və Avropanın, Amerikanın Ermənistanda mövcudiyyətini daha da gücləndirmək və s. istiqamətlərdə bu cür mümkün olmayan xəyalların ardınca düşüb. Mən düşünürəm ki, bu məsələlər yalnış istiqamətlərdir və erməni xalqına faciədən başqa bir şey gətirməyəcək, necə də ki, gətirmir. Bundansa, Paşinyan və Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlar və birgə yaşayış, mehriban qonşuluq prinsiplərinə köklənsələr daha yaxşı olar".