Azərbaycanın ortaya qoyduğu siyasi iradə yaxın müddət ərzində bu problemlərin aradan qaldırılmasına imkan yaradacaq - ÖZƏL

"Ermənistan-Azərbaycan şərq dövlət sərhədində hələ ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi getmir və Azərbaycan tərəfi də dəfələrlə sülh danışıqlarının bir tərkib hissəsi olaraq delimitasiya və demarkasiya işlərinin aparılması ilə bağlı Ermənistana və eyni zamanda, digər tərəflərə də çağırışlar edib ki, gəlin birlikdə bu münaqişənin tənzimlənməsi üçün münaqişənin əsas elementlərindən olan sərhəd məsələsini həll edək". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərində sərhədlərindən müəyyənləşdirilməsindən tutmuş, bütün proseslər detallı olmasa da, ümumi bəndlər çərçivəsində qeyd olunub. Azərbaycan da ilk vaxtlardan bu prosesin başladılmasının tərəfdarı olub. Çünki tərəflər arasında sülh müqaviləsinin imzalanmasının yeganə yolu tərəflərin birgə bu qoyulan şərtlərin icra edilməsindən keçir. Azərbaycan bunu əvvəl də tələb edib, bu gün də edir və bundan sonra da edəcək. Yəni, şərtlər icra olunmalıdır. Düşünürəm ki, Ermənistanın bu cür təxribat etməsi, əlbəttə ki, müəyyən bir güclərin - həm region, həm region xarici güclərin burada olan maraqlarından qaynaqlanır və nəzərə almaq lazımdır ki, hərbi təxribatın baş verməsindən bir az öncə İranın ali təhlükəsizlik şurasının sədri Əli Şamxani və Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan arasında görüş keçirildi. Son dövrlər İran Azərbaycanı dəfələrlə təhdid edib. İranın ən yüksək səviyyəli məmurları belə Azərbaycana qarşı təhdid səsləndirib və Ermənistanı müdafiə etdiyini açıq şəkildə bildiriblər. Eyni zamanda, burada qərbin ikili yanaşması var. Məsələn, Avropa İttifaqı missiyasını gətirib Azərbaycanın dövlət sərhədinə tökməklə bu prosesi davam etdirirlər. Rusiyanın "ikibaşlı" açıqlaması var. Bir tərəfdən guya Azərbaycanla münasibətlərin normallaşmasını, münaqişənin tənzimlənməsini istəyir, digər tərəfdən bölgəyə KTMT-ni gətirmək istəyir və s. Bütün bunların hamısı əslində belə deyək, regionu xaosa sürükləyəcək planlı addımlar kimi dəyərləndirilə bilər. Amma mən düşünürəm ki, Azərbaycanın ortaya qoyduğu siyasi iradə, mövqe nəticə etibarilə yaxın müddət ərzində bu problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Amma biz xüsusilə ona diqqət yetirməliyik ki, bölgəmizdə olan və bölgədən xaric dövlətlər bu bölgəni rahatlıqla boş buraxmayacaqlar və bütün gücləri ilə bölgəni qarışdırmağa çalışacaqlar. Ona görə də, burada ən zəif bənd olan Ermənistanı bir piyon kimi istifadə edirlər və bundan sonra da eləməyə çalışacaqlar. Bu baxımdan Azərbaycan bu cür təxribatların qarşısını onsuz da alıb və bundan sonra da alacaq. Amma hər halda öz müttəfiqləri ilə birgə hərəkət edərsə, Ermənistanın ehtimal edilən və gözlənilən təxribatlarının qarşısını ala bilərlər".

Röyalə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31