Prosesin maraqlarımıza uyğun yekunlaşması istiqamətində işlərimizi davam etdirməliyik - ÖZƏL
13 Aprel 2023 15:10 Siyasət"Ermənistan-Azərbaycan sərhədində son dövrlər təxribatlar daha da intensivləşib və Ermənistan tərəfi təxribatlar törətməklə, atəşkəsi pozmaqla Ermənistan-Azərbaycan arasında sülh münasibətlərinin formalaşmasına yaranan inamı dağıtmağa və bununla da qarşılıqlı inam-etimad mühitinin formalaşması istiqamətində addımları, razılaşmaları sıfırlamağa çalışır".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
"Əslində ayın 12-si Ermənistan baş nazirinin hökumətin iclasında səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, bəli, 11 fevral təxribatında əsas təşkilatçı və icraçı qüvvə Ermənistan ordusunun tərkibindəki ayrı-ayrı kənar güclərə bağlı olan qüvvələrdir. Bununla da əslində Nikol Paşinyan bu təxribatın törədilməsində Ermənistanın günahını etiraf eləmiş oldu. Amma eyni zamanda, həm də Ermənistanın ayrı-ayrı güclərin əlində alət olduğuna və o güclərin maraqlarına xidmət etdiyini bir daha təsdiq etmiş oldu. Çox təəsüf ki, bölgəmizdə qaranlıq maraqları olan ayrı-ayrı güclər Ermənistanı alət etməklə bölgədə sülh prosesinin tənzimlənməsi və davamlı sülhün təmin olunmasına mane olmağa çalışırlar. Təəsüf ki, Ermənistan da bu prosesdə alət olmağa hələ də hazırdır və meyillidir. Eyni zamanda, Nikol Paşinyan dünənki açıqlamasında Madrid prinsipləri, Almatı razılaşması və ötən il Praqada keçirilən görüşdə əldə olunmuş razılaşma ilə, imzalanmış bəyanatla Ermənistanın və Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanıdıqlarını bəyan edib və bununla da Qarabağın Azərbaycanın əraziləri olduğunu bir daha bəyan etmiş oldu. Əslində Paşinyan bununla sülh danışıqlarına hazır olduğunu, sülhpərvər mahiyyətini nümayiş etdirdi. Amma Ermənistandan belə açıqlamalar verildikdən sonra hər zaman biz müxtəlif təxribatların, atəşkəsi pozacaq, münasibətləri gərginləşdirəcək halların baş verdiyini müşahidə etdiyimiz üçün hesab edirəm ki, bu Nikol Paşinyan tərəfindən atılmış, düşünülmüş bir addımdır. Nikol Paşinyan bununla özünün sülhpərvər mahiyyətini nümayiş etdirmək istəyir. Sülh danışıqlarının manipulyasiyasını həyata keçirməklə əslində vaxt qazanmaq və sülh prosesinin, razılaşmasının imzalanması prosesinin uzadılmasına çalışır. Eyni zamanda, kənar güclərin Ermənistanı alət etməklə Cənubi Qafqazda yeni reallıqlar formalaşdırmaq istəyən kənar güclərin də proseslərə yanaşması onu göstərir ki, bəli, bölgədə sülhüm təmin olunması ilə bağlı kifayət qədər ciddi risklər, təhlükələr mövcuddur və hələ ki, təəssüflə qeyd etməliyik ki, hələ ki, Ermənistan sülh münasibətlərinin imzalanmasına özünü hazır və iradəli hesab etmir. Fransa hökumətinin 11 apreldə baş verən təxribatlarla bağlı qəbul etdiyi bəyanatda açıq şəkildə Azərbaycanın dövlət sənədləri, ərazi bütövlüyü, daxili işlərinə qarışmamaq kimi hüquqlarına kobud müdaxilələr baş verib. Bu bəyanatda Fransa tərəfi bir daha qərəzli və birtərəfli mövqe tutduğunu nümayiş etdirdi. Bu bəyanatda Fransa tərəfi Ermənistanın sərhədlərinin toxunulmazlığının Fransa üçün pozulmaz prinsip olduğunu bəyan etdi. Amma Azərbaycan sərhədlərindən, ərazi bütövlüyündən ümumiyyətlə bəhs olunmur. Eyni zamanda, Fransa tərəfi birtərəfli mövqe nümayiş etdirməklə proseslərdə bitərəf ola bilmədiyini, Ermənistanın işğalçılıq mövqeyini müdafiə etdiyini bəyan etdi. Bununla Ermənistan cəmiyyətində alovlandırdığı revanşist düşüncəni təhrik etdiyini bilə-bilə yanaşmalar nümayiş etdirdi. Əslində bu yanaşmanın Fransanın bölgəmizdəki qaranlıq, çirkin maraqlarına xidmət etdiyi hamı üçün aydındır. Çünki Fransa özünün imperialist maraqlarını həyata keçirmək üçün bölgədəki əlaltıları, xüsusilə də, Ermənistanın və İranın molla rejimini alət etməklə bölgədə münaqişə, konfrantasiya mühiti formalaşdırmaq və bununla da öz çirkin maraqlarını həyata keçirməyə çalışır. Bu bəyanat da əslində ona xidmət edən bir yanaşma idi. Bütün bunlar onu göstərir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində bütün cəhdlərə baxmayaraq, Ermənistan və onun havadarlarının sülh proseslərinə münasibəti heç də müsbət deyil və çox təəsüf ki, hələ ki, Ermənistan-Azərbaycan arasında razılaşmaların əldə olunması bölgəyə sülhün gəkməsu o qədər də real görünmür. İndiki halda mən hesab edirəm ki, Nikol Paşinyanın belə fikirlər səsləndirməsi, Ermənistan tərəfindən təxribatların davamlı xarakter alması, Ermənistan və Azərbaycan liderləri arasında görüşlərin keçirilməsi ilə bağlı ayrı-ayrı güclər tərəfindən fikirlərin səsləndirilməsi, Ermənistan tərəfindən törədiləcək sərhədimizdə və separatçı qüvvələrin mövcud olduğu bölgələrimizdə, Qarabağ iqtisadi rayonunda təxribatların bundan sonra da davam edəcəyini deməyə imkan verir və ona görə də, Azərbaycan, Azərbaycan ordusu daha ehtiyatlı və daha ayıq olmalıdır. Biz Ermənistan, separatçı qüvvələr tərəfindən hər an təxribatların baş verməsinə hazır olmalıyıq. Buna baxmayaraq, eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə, beynəlxalq hüququn prinsipləri əsasında haqq mübarizəmizin davam etdirilməsi və bölgədə davamlı sülhün təmin olunması istiqamətində iradəmizi bundan sonra davam etdirməli və dostların, müttəfiqlərin köməyi ilə bu prosesin maraqlarımıza uyğun yekunlaşması istiqamətində işlərimizi davam etdirməliyik".
Röyalə