Fransa öz ampluasından kənara çıxa bilmir - ÖZƏL

"Aprelin 11-də ermənilərin Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi təxribata Fransanın özünəməxsus formada münasibət bildirməsi gözlənilən idi. Ümumiyyətlə, bu ölkədən zərrə qədər ədalət, obyektivlik gözləmək sadəcə sadəlövhlükdür". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Fransanın Ermənistanın mövqeyindən çıxış etməsi başadüşüləndir. Çünki Azərbaycan 44 günlük müharibədə Qarabağı işğaldan azad etməklə həm də Fransanın işğal dövründə qeyri-qanuni olaraq Qarabağa yatırdığı milyinlarla dollar vəsaitə zərbə vurmuş oldu, Fransa şirkətlərinin torpaqlarımızda qeyri-qanuni fəaliyyətinin qarşısını aldı: "Ona görə də Fransa heç bir halda Azərbaycanın Qarabağı azad etməsini qəbul edə bilmir. Qəbul etməməsi bir yana, hələ də bu ölkə və onun prezidenti Makron Azərbaycanın ərazi bütövlüyünü təhrif edir, BMT tərəfindən tanınan suveren ərazilərimiz barədə yalnış fikir formalaşdırır: "Aprelin 11-də baş verən erməni təxribatına bu ölkənin münasibəti dediklərimizin əyani sübutudur. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı yalançı və əsassız məqamların əks olunduğu bəyanat yayıb. Bəyanatda qeyd edilir ki,  Fransa tərəfləri danışıqlar yolu ilə delimitasiya prosesini dəstəkləməyə çağırıb, eyni zamanda Ermənistanın "ərazi bütövlüyünə hörmət" və Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki "işğal olunmuş mövqelər"dən çıxarılmasını gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülh üçün "vacib" hesab edib. Bu açıq-aşkar Azərbaycanın suveren ərazilərini şübhə altına almaqdır. Bu ölkə hələ də anlamaq istəmir ki, Azərbaycan BMT-nin tanıdığı sərhədlər əsasında ərazi bütövlüyünün bərpasını istəyir. Bu ağıl, dərrakə, yanaşma ilə Fransa ATƏT-in Minsk qrupunda necə təmsil olunub, maraqlıdır.  Bizim heç kimi torpağında gözümüz yoxdur. Yalnız öz ərazi bütövlüyümüzün bərpası bizim üçün prioritetdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31