Eyni adlı dərmanların biri niyə bir aptekdə 10 manata, o birisində isə 120 manata satılır? - Deputat
11 Aprel 2023 12:06 Siyasət"Ölkəmizdə dərmanların satış qaydaları, keyfiyyəti və bu sahədə olan idarəçiliklə bağlı xeyli şok vəziyyəti yaradan hallar var. Əgər bu belə olmasaydı, insanlar arasında filan aptek yaxşıdır deyib, xüsusi olaraq həmin apteklər şəbəkəsini axtarmazdılar. Vətəndaş eşitdiyinə, gördüyünə, təcrübəsinə, özü və qohumları üzərində yaşadığı faktlara əsaslanır. Bizim apteklərdə satılan dərman vasitələri çox baha olmaqla bərabər, bir sıra hallarda həm də çox keyfiyyətsizdir". "Olaylar" xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, dərmanları qəbul edirsən, amma nəitcəsi yoxdur:
"Bu səbəbdən də vətəndaşlar daha yaxşı apteklər axtarışındadır. Alman apteklər şəbəkəsi var, Böyük Britanıya dərmanları var və s. Qiymətlər də orada adi apteklərdən 5-10 dəfə daha bahadır. Soruşanda deyirlər ki, bunlar alman, ingilis keyfiyyətidir, ona görə. Bu nə deməkdir? Bu o deməkdir ki, biz hamımız, dövlət, hökumət də qəbul edir ki, bu belədir. Əgər bu belədrisə, o zaman niyə vətəndaşlar aldadılır, onların cibinə girilir? Belə olmasa, vətəndaş niyə yaxşı aptek axtarır və niyə gözümüzün önündə eyni tərkibli və eyni adlı dərmanların biri bir aptekdə 10 manata, o birisində isə 120 manata satılır? Dərman ətir deyil ki, deyəsən, zövq məsələsidir, mən fransız ətri istəyirəm, dəran avtomobil deyil ki, deyəsən lada yox, mersedes, toyota istəyirəm. Dərman cərrah deyil, klinika deyil ki, daha təcrübəlisini və baha qiymətə xidmət edəni seçəsən.
Mən alman, ingilis apteklərinin olmasının əleyhinə deyiləm və açığı onlara etirazım-filan da yoxdur. Mən vətəndaşların aldadılmasına qarşıyam. Kimsə üzərində alman dilində yazılmış dərmanlar almaq istəyirsə, yolu açıq olsun. Buna bənzər digər bir halı da deyim. Çünki, qidanın da keyfiyyətsiz və tərkibinin təhülkəli olması vətəndaşların həyatını zəhərləyir və onlar olan-qalanlarını da keyfiyyətli və keyfiyyətsiz apteklərdə xərcləməli olurlar".
Deputat kolbasa məhsullarında olan neqativ hallara da toxunub: "Bu yaxınlarda Qida Agentliyi məlumat yaydı ki, "halal" əmtəə nişanı adı altında kolbasa məhsulları istehsal edən şirkətlərin kolbasalarının bəzisində heç ətdən əsər-əlamət yoxdur. O şirkətlərin də adları hamımıza məlumdur. Bu nə biabırçılıqdır törədirlər? Ölkə dərəbəylikdirmi, yoxsa özbaşınalıqdırmı? Ət adı altında bəs onlar nəyi satırlar? Belə də zülm, günah, imansızlıq olarmı? Insanlar "halal" deyib kolbasa alır və məlum olur ki, o nəinki halal deyil, heç tərkibi nədir, məlum deyil.
Bu həm də pis əməldir, hərdən adamın ayda-ildə bir dəfə ürəyi istəyir ki, kolbasa, sosic yesin. Daha onlara yaxın düşmək olarmı? Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik. Mən özüm də bu barədə ayrıca bir araşdırma aparıram. Çünki, bu cür saxtakarlıqlar və imansızlıqlar ölkəmizin adına ləkə gətirir və bizə düşmən ölkələr bunu bizim dövlətimizə qarşı istifadə edir. Kim ki, məşğul olduğu sahədə dövlət adına ləkə və utanc gətirirsə, mütləq cəzasının da olacağını görməlidir".