Artım bütün sahələri əhatə edib - Tahir Mirkişili
17 Mart 2023 12:51 Siyasət2022-ci ildə bizə yaxın regionda müharibənin başlaması, iqtisadi sanksiyalar, qlobal qiymət artımları, ərzaq qıtlığı çağırışları fonunda Azərbaycan iqtisadiyyatı demək olar ki, bütün sahələrdə davamlı iqtisadi artım nümayiş etdirib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, hesabat ilində ölkəmizdə ÜDM-in 4.6%, qeyi-neft qaz sektorunun 9.1%, kənd təsərrüfatı istehsalının 3.4%, informasiya və rabitə xidmətlərinin 14.8%, qeyri-neft ixracımızın 12.4%, strateji valyuta ehtiyatlarımızın 5.3 mlrd dollar artmasını, ixracın idxalı 23.6 mlrd dollar üstələməsini, xarici dövlət borcunun 9.5% azalmasını və ÜDM-in 8.5%-ni təşkil etməsini, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılmasını nəticə olaraq yüksək qiymətləndiririk. Komitə sədri bildirib ki, bununla yanaşı vergi yığımlarının proqnozdan əlavə 32.4%, gömrük yığımlarının 22.8% çox olmasını bu orqanların müsbət fəaliyyətinin nəticəsi kimi qəbul etsək də, büdcə planlaşması konteksindən yanaşdıqda gələcəkdə daha dəqiq planlaşmanın aparılmasını vacib sayırıq.
"Qeyd edim ki, 2022-ci ilin dövlət büdcəsi layihəsi qəbul olunarkən büdcə gəlirlərində əlavə potensialın olduğu komitənin rəyində də qeyd edilmişdi. Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transferin nəzərdə tutulandan 3.6 milyard manat az köçürülməsi Dövlət Başçısı tərəfindən fondun vəsaitlərinə qənaət edilməsi yönündə qoyulan hədəflərə nail olunmasını göstərən mühüm göstəricidir. Bu göstərici son 5 ilin ən aşağı göstəricisidir, büdcə gəlirlərinin artması və büdcə qaydası nəticəsində nail olunmuşdur. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 99.3% səviyyəsində icra olunmasını təqdirəlayiq hal hesab edirik. İcra səviyyəsinin yüksək olması planlaşdırılan işlərin və layihələrin yerinə yetirilməsi üçün çox vacibdir.
Dövlət büdcəsi xərclərinin 99.3% səviyyədə icra olunması son 10 ildə ilk dəfə rast gəlinən haldır. İşğaldan azal olunmuş ərazilərinin yenidən qurulması və bərpası üçün ümümulikdə 4.3 milyard manat vəsaitin xərclənməsinin təmin olunması vətəndaşlarımızın tezliklə öz yürdlarına dönməsi və təhlükəsiz, layiqli həyat yaşamasını təmin edəcək mühüm amillərdəndir. Dövlət maliyyə nəzarəti sahəsində görülən işləri təqdir etməklə yanaşı, bu sahədə keyfiyyətcə yeni yanaşmaların zəruri olduğunu düşünürük. Hesabatda təqdim edilən rəqəmlər də bizi bu qənatə gəlməyə vadar edir. Belə ki, 2022-ci ildə görülmüş nəzarət tədbirləri nəticəsində 225 mln manat həcmində artıq və əsasız ödənişlərin yalnız 35 milyon manatının bərpasını təmin etmək mümkün olmuşdur. Ümumiyyətlə, təcrübə göstərir ki, vəsaitlərin itkisi ilə, hadisə baş verdikdən sonra mübarizənin hüquqi effekti olsa da, iqtisadi effekti o qədər də yüksək olmur. Bu problem yalnız dövlət təşkilatlarında deyil, eyni zaman özəl sektorda da müşahidə edilir. Məsələn, hesabat ilində səyyar vergi yoxlaması ilə əhatə olunanların 98.7%-də vergi qanunvericiliyinin, mühasibatlıq və maliyyə intizamının pozulması halları aşkar edilmişdir. Ona görə də, maliyyə planlaşmasında və mühasibatlıq intizamında pro-aktiv, yəni pozuntuların baş verməsinə əvvəlcədən imkan verməyən mexanizmlərə ciddi ehtiyac yaranmışdır. Məsələn, hesab edirik ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, büdcədən maliyyələşən təşkilatlarda maliyyə rəhbərlərinin yarı müstəqilliyinin təmin olunması, onların çalışdığı orqanla yanaşı Dövlət Büdcəsinə cavabdeh orqan qarşısında da hesabatlı olması pozuntuların əvvəlcədən qarşısının alınmasına xidmət edə bilər", - deyə komitə sədri vurğulayıb.