Rusiya həqiqətən problemin həllini istəsə idi... - ÖZƏL
17 Mart 2023 12:24 Siyasət"Kremlin istər Azərbaycan Prezidenti İlham Əliyev, istərsə də də, Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı vəziyyətin stabilləşməsinə xidmət etmir. Bu, həmişəki standart əlaqələrdən biridir və ancaq bir məqsəd daşıyır ki, o da tərəfləri həmişəki kimi gərginlikdə saxlayıb, öz marağını qorumaq".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, kimsə sadəlövhcəsinə inanmır ki, Putinin tərəflərin dövlət rəhbərləri ilə istər telefon, istərsə də canlı görüşünün hansısa ciddi nəticəsi olacaq:
"Belə görüşlər on illər boyu saysız miqdarda olub. Yenidən üçtərəfli görüş ola bilmə ehtimalı vardır. Amma bunun olmasındansa, Ermənistan və Azərbaycan arasında onlayn diplomatiya olması daha məsləhətlidir".
Azər Qasımovun sözlərinə görə, Rusiya həqiqətən problemin həllini istəsə idi, indi belə problem yox idi: "Ona görə sadəcə görüş xatirinə görüş keçirmək olar, amma problemi sonda Azərbaycan əsgəri həll edəcəyi də məlum həqiqətdir".