Ərdoğana dəstəyin beynəlxalq aləmə nümayişi - ÖZƏL

"Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə toplantısının keçirilməsi 14 may seçkilərindən öncə məsləhətləşməyə ehtiyacın olmasından əlavə, həm də bu ittifaqda birləşən ölkələrin rəhbərlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyinin beynəlxalq aləmə nümayişi sayıla bilər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şükürlü səsləndirib. Onun sözlərinə görə,  TDT-də birləşən ölkə rəhbərləri indi hər kəsdən daha yaxşı anlayırlar ki, Türkiyədəki 14 may seçkilərində Qərbin açıq-aşkar dəstək verdiyi "6-lı masa"nın namizədi qalib gələrsə, bu, TDT-nin fəaliyyətinə də ciddi təsir göstərəcək: "Çünki TDT-də birləşmiş ölkələr həm də Qərbin əsas hədəf taxtasına çıxardığı Rusiya ilə çox yaxşı əlaqələri olan, Ukrayna üzərində gedən Qərb-Rusiya savaşında tərəfə çevrilmək istəməyən ölkələrdir və əgər Türkiyədə "Qərb masası"nın namizədi qalib gələrsə, bu, TDT-ni də zorən bu savaşda tərəfə çevrilməyə sürükləyəcək.  Qərbin özünə düşmən saydığı Çin-Rusiya-İran üçucağında yerləşmiş TDT coğrafiyasına isə Qərb maraqları naminə yeni savaş meydanına çevrilmək qətiyyən gərəkli deyil və yalnız yeni fəlakətlər gətirə bilər".
Elxan Şükürlü deyib ki, 14 may seçkilərində Ərdoğanın qələbə qazanması təkcə "Cümhur İttifaqı"nın yox, həm də "Türk İttifaqı"nın, o cümlədən də bu coğrafiyayla həmsərhəd Rusiya, Çin, İran kimi anti-Qərb dövlətlərin də həyati maraqlarıyla birbaşa bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31