Türk dövlətləri olaraq, regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağımıza inanıram - Ərdoğan

Türk Dövlətləri Təşkilatı olaraq, enerji təhlükəsizliyinin təmin edilməsində, regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağımıza inanıram.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

"Onurğa sütunu TANAP olan Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilib. Şərqlə qərb arasında ticarətdə birgə səylərimizlə reallaşdırdığımız orta dəhliz indi etibarlı alternativ təklif edir. Qarşıdakı dövrdə belə strateji layihələrin sayı daha da artacaq", - Prezident qeyd edib.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31