İndiki məqamda aşkar edilən insan hüquqları pozuntuları hələ başlanğıcdır - ÖZƏL

"Son 3 il ərzində Ermənistanda baş verən hadisələr bir daha onu göstərdi ki, deməli, Ermənistanda insan haqları ilə bağlı hüquqların qorunması heç də mövcud hökumət tərəfindən deyildiyi kimi deyil".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Əlbəttə ki, insan haqq və hüquqlarının qorunmasında müəyyən problemlər var və onların həlli yolları da hələ ki, müəyyənləşməyib. Məsələ ondan ibarətdir ki, 2018-ci ildə Paşinyan hakimiyyətə gələn zaman onu daha çox demokratik yolla hakimiyyətə gələn bir şəxs kimi qələmə verdilər. Amma sonradan Ermənistanda baş verən mitinqlərdə, istər İkinci Qarabağ Savaşından sonrakı mərhələdə, istərsə də, son dövrlərdə baş verən mitinqlərdə Paşinyan hökumətinin tutduğu mövqe və eyni zamanda, insan haqlarının qorunması sahəsində Paşinyan hökumətinin insanlara verdiyi vədlərdən uzaq qaçması və s. Bunlar hamısı əslində gözlə görünən və xeyli dərəcədə hüquqdan kənar bir proses kimi dəyərləndirilir.

Doğrudur, bəzi qərb mətbuatında kimə ki, Ermənistan lazımdır, onun maraqlarını təmin edir, həmin dövlətlərdə ola bilsin ki, Ermənistanı bir demokratik dövlət kimi qiymətləndirərlər. Amma bu hələ o demək deyil ki, Ermənistan həqiqətən də demokratik bir ölkədir və insan haqları və hüquqları orda qorunur. Yəni, hesabatlardan görünür ki, orada həbs edilənlərin əksəriyyəti əsas etibarilə, Paşinyan adminstrasiyasının siyasi maraqlarını nəzərə almayan və onun maraqlarına bir növ qarşı çıxan şəxslərdirlər. Bu baxımdan da hesab edirəm ki, indiki məqamda Paşinyan adminstrasiyasından belə bir hərəkətin gəlməsi, yəni, anti-demokratik addımların atılması gözləniləndir. 

Düşünürəm ki, mövcud hökumətlə müxalifət, vətəndaş cəmiyyəti arasında qırılmalar var. Bunu artıq özləri də etiraf edirlər və bu əslində gələcəkdə böyük problemlərin Ermənistan üçün qarşıda olduğunu göstərir. Yəqin ki, yaxın müddət ərzində biz görəcəyik ki, bəzi dövlətlər var ki, onlar Ermənistanı demokratik adlandırırlar, onların maraqları təmin olunmadıqda Ermənistanı daha açıq şəkildə anti-demokratik bir ölkə kimi dəyərləndirəcəklər. Artıq necə ki, hesabatlarda da bu öz əksini tapır. O baxımdan düşünürəm ki, indiki məqamda aşkar edilən insan hüquqları pozuntuları hələ başlanğıcdır. Qarşıdakı dövrdə biz bunun daha çox şahidi olacağıq və bu daha çox mediada, ictimaiyyətdə işıqlandırılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31