Azərbaycan zəlzələdən dağılan ərazilərin yenidən qurulmasında Türkiyəyə dəstəyi davam etdirəcək - Ceyhun Bayramov

Azərbaycan bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcək.

Xarici İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında deyib.

C.Bayramov, bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək TDT-nin fövqəladə Zirvə Görüşünün 6 fevral 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirib.

Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsinin böyük mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan Azərbaycanın, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcəyi diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31