Qarabağın erməni sakinlərinin taleyi Azərbaycan dövlətindən başqa heç kimi maraqlandırmır - ÖZƏL
16 Mart 2023 12:10 Siyasət"Görünən odur ki, Azərbaycan dövlətinin Qarabağın erməni sakinləri ilə dialoq təşəbbüsləri, növbəti görüşün Bakıda keçirilməsi təklifinin Azərbaycan tərəfindən irəli sürülməsi nə Rusiya, nə Avropa, nə də İrəvanı qane edir. Əks təqdirdə adlarını qeyd etdiyim tərəflər də rəsmi Bakının bu təşəbbüsünə dəstək verər və Xocalıda başlanan görüşün Bakıda davam etdirilməsini alqışlayardılar". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, dünənə qədər guya Qarabağdakı erməni sakinlərin taleyindən narahat olduqları görüntüsü yaradan Rusiya, Avropa və Ermənistanın indi ciddi cəhdlə keçirilən görüşlərə maneçilik törətməsi onu deməyə əsas verir ki, əslində adlarını qeyd etdiyimiz tərəfləri Qarabağda separatizmin mövcudluğu maraqlandırır və fəaliyyətləri də sırf buna yönəlib: "Əks təqdirdə Rusiya sülhməramlıları Ermənistandan Qarabağa silah-sursat daşınmasına göz yummaz, hətta bu prosesə dəstək göstərməzdi. Eyni ilə Ermənistandakı Avropa İttifaqının mülki missiyası sözügedən qeyri-qanuni daşınma ilə bağlı Azərbaycan tərəfinin təqdim etdiyi videofaktlara diqqət çəkər, Qarabağda separatizmin yenidən baş qaldırmasına əngəl olardılar. Nəhayət, Ermənistan hakimiyyəti Qarabağın erməni sakinlərinin daha yaxşı və təhlükəsiz şəraitdə yaşamasını istəsəydi, Azərbaycan dövlətinin onlara sahib çıxmasına dəstək verər, prosesin daha da irəli getməsi üçün əlindən gələni əsirgəməzdi. Ancaq bütün bunların fonunda biz aydın şəkildə görürük Qarabağın erməni sakinlərinin taleyi Azərbaycan dövlətindən başqa heç bir qüvvə üçün maraqlı deyil".
Arzuman Muradlı deyib ki, Qarabağda vəziyyətin getdikcə gərginləşməsi, artan erməni təxribatları və mövqelərimizin davamlı olaraq atəşə məruz qalması növbəti antiterror əməliyyatını qaçılmaz edir.