Prezidentin Almaniya səfəri iqtisadi və siyasi nüansları özündə cəmləyərək mühüm əhəmiyyətə malikdir - ÖZƏL

"Ölkə rəhbəri cənab İlham Əliyevin Almaniya səfəri iqtisadi və siyasi nüansları özündə cəmləyərək mühüm əhəmiyyətə malikdir".

Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki,  Azərbaycan Almaniya münasibətiləri əsasən enerji siyasəti üzərində qurulub və səfər çərçivəsində Almaniya kansleri Olaf Şolts, prezident Frank-Valter Ştaynmaner və alman iş adamları ilə görüşlər keçirən dövlət başçısı ölkəmizin enerji potensialını, əlverişli biznes mühütünü qarşı tərəfin nəzərinə çatdırdı:

"Rusiya Ukrayna müharibəsinin yaratdığı iqtisadi və siyasi reallıqlar fonunda Berlin hökuməti özünün enerji təhlükəsizliyini müxtəlif alternativlər üzərindən təmin etməyi planlaşdırır.  Onuda qeyd etmək lazımdır ki, Azərbaycan Avropaya enerji ixrac edən dövlətdir. Məhz bu nüans Almaniyanın diqqətini cəlb edir.Həmçinin ölkəmizdə Almaniyaya enerji nəqlində maraqlıdır. Digər bir məqam isə Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarına alman investitsiyasının cəlbidir ki, bölgənin iqtisadi potensialı alman şirkətlərini cəlb etməyə bilməz".

Səfərin siyasi məqamlarına gəldikdə isə, AVP rəsmisi deyib ki, cənab prezident, kansler Şoltsla görüşü zamanı Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edərkən bir növ Berlin hökumətinə siyasi mesajlar ünvanlamış oldu: "Müşahidə etdikdə görürük ki, bu gün Fransanın təhriki ilə Avropa Parlamentində və ittifaq daxilində Almaniyanı özlərinin qeyri- konstruktiv siyasətinə alət edirlər ki, bunun ən bariz nümunəsi Ermənistanda fəaliyyət göstərən Aİ missiyası tərkibində alman polisinin mövcudluğudur. Bu zamana qədər Almaniya regional siyasətdə Rusiyanın maraqlarını nəzərə alırdı və öz fəaliyyətini mümkün qədər Kremllə üz-üzə gəlmədən həyata keçirirdi. Lakin indi işlər dəyişib və Federatif Respublika Qərbin və NATO- nun bir parçası kimi öz mövqeyini nümayiş etdirmək məcburiyyətindədir. Almaniya Azərbaycanın Avropanın enerji bazarında artan əhəmiyyətini nəzərə alaraq, Ermənistanın maraqlarına xidmət edəcək bəyanatlardan çəkinməlidir. Missiya çərçivəsində öz fəaliyyət istiqamətini yenidən nəzərdən keçirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31