Avropa Parlamenti növbəti dəfə anti-Azərbaycan mövqeyi sərgiləyir - ÖZƏL

"Avropa Parlamenti növbəti dəfə anti-Azərbaycan mövqeyi sərgiliyərək ölkəmizə qarşı qeyri-obyektiv, reallıqdan uzaq və tamamilə əsasız motivləri özündə əks etdirən qətnamə layihəsi qəbul etməyi planlaşdırır. Qətnamənin mətnində Azərbaycanın Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunda keçirilən dinc aksiyanın təhrif olunaraq blokada donu geyindirməklə təqdim olunan absurd və əsassız iddialar öz əksini tapır". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə,  lakin, ölkəmiz məlum qətnamənin əsl mahiyyətini, hansı tip yanaşmanın məhsulu olmasını ortaya qoyacaq kifayət qədər arqumentlərə sahibdir:

"Birincisi, Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan, bütün maddi və mənəvi sərvətlərimizi talayan Ermənistandır. İkincisi, Laçın yolunun blokadada olmaması artıq öz təsdiqini tapmış faktdır və həmin yoldan heç bir maneə olmadan hümanitar məqsədlər üçün yüklər daşınır. Əvəzində isə Ermənistan hərbi-siyasi rəhbərliyi Rusiya sülhməramlı kontingentinin dəstəyi fonunda Qarabağa qanunsuz şəkildə silah-sursat daşımağa cəhd edir və Moskva Kreml cütlüyü Azərbaycana qarşı birgə təxribatlar hazırlayır. Görünən odur ki Avropa Parlamenti bu kimi faktları görməzdən gəlir. Məlum qurumun bu vaxta qədər qəbul etdiyi və etməyi planlaşdırdığı qərəzli qətnamə layihələrinin kökündə duran əsas səbəb Azərbaycanı gözdən salmaq, ölkəmizin ədalətli mövqeyinə təsir etmək və Ermənistanın lehinə olacaq mühütün formalaşdırılmasından ibarətdir". 

AVP rəsmisi deyib ki, ölkə rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə paytaxt Bakının ard-arda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, yüksək təşkilatçılıq bacarığı və ölkəmizin mühüm siyasi mərkəz halına gəlməsi Avropada olan bəzi qüvvələrin narahatlığına səbəb olur: "Sözsüz ki, baş verən proseslərdə erməni lobbisinin fəaliyyəti danılmazdır. Onların başda Fransa olmaqla Avropa siyasi elitası üzərində təsir imkanları genişdir və bu təsirin ardında qalan gizli məqam isə rüşvətdir. Cünki bəzi Avropalı deputatların irqçi, türkfob yanaşması, Ermənistanın bu zamana qədər beynəlxalq hüququ heçə sayaraq törətdiyi əməllərə səssiz qalınmasının ardında erməni lobbisinin çirkli maliyyə əməliyyatları dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31