Azərbaycana qarşı ikili standartlar qəbuledilməzdir - Səidə Qocamanlı
14 Mart 2023 11:49 SiyasətAzərbaycana qarşı ikili standartlar qəbul edilməzdir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu bu gün hüquq müdafiəçisi Səidə Qocamanlı Bakıda keçirilən Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı tədbirində deyib.
"Paşinyana və onun hakimiyyətinə qarşı çıxdığı iddiası ilə Ermənistanda jurnalist və ictimaiyyət nümayəndələri iə bağlı 802 cinayət işi açılıb. Bununla bağlı Avropa İttifaqına, hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara hesabat göndərəcəyik. Bizim qonşuluğumuzda olan belə hərəkətlər heç bir qərb siyasətçisinə və qərb jurnalistinə Ermənistanın Qafqazın ən demokratik ölkəsi olduğunu deməyə imkan vermir. İrəvanda insanların toplaşma azadlığına, söz azadlığına mane olunur. Lakin qərb ikili standartlardan çıxış edərək Ermənistandakı bu halları görməzdən gəlir".
O bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra ölkəyə qarşı təzyiqlər artıb:
"Torpaqlarımız azad olunandan sonra Ermənistanda Paşinyana qarşı etirazlar başladı. Zorakılıq, işgəncə halları artdı. Neçə-neçə media qurumu rəhbərinə cinayət işi başlayıb. Jurnalistlər Paşinyana qarşı etiraz etdikcə, onların əleyhinə cinayət işləri başlandı. Belə bir ölkəyə demokratik ölkə demək olmaz. Ermənistanda söz azadlığına ciddi təhlükə var. Keçmiş məmurların bir çoxu həbsdədir, bir deputat isə ölü tapılıb", - S.Qocamanlı qeyd edib.