Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə: İndi o, generaldır – VİDEO
14 Mart 2023 11:06 SiyasətDövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı "İlk Prezident təqaüdçüləri" layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.
Qeyd edək ki, Həsən Mansurov Bakı-Türk litseyinin məzunudur.
Həsən Mansurov 2002-ci ildə ali məktəblərə qəbulda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub.
2002-ci ilin 30 avqustunda o, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb.
Mansurov daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb.
Əmək fəaliyyətinə hüquq-mühafizə orqanlarında başlayan general Mansurov, DTX-ya qədər bir sıra dövlət qurumlarında, prokurorluq orqanlarında, Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasında çalışıb.
2020-ci ildə Vətən Müharibəsindən sonra işğalçı Ermənistan üzərində Böyük Zəfərdə payı olan general Mansurov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətənə xidmət ordeni" ilə təltif edilib.
Həsən Mansurov 2002-ci ildə Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır:
"Ulu öndər tələbələrə Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlərlə baxdığını bildirdi. Bu sözlərin təsirində Azərbaycan gənci olmağın nə qədər şərəfli olduğunu, eyni zamanda nə qədər məsuliyyətli olmalı olduğumuzu hiss etmişik. Bütün sözləri, fikirləri xatirimizdədir".
General Mansurov bildirir ki, ulu öndər Azərbaycan gənclərinə inanır və dəyər verirdi: "Ulu öndər Azərbaycan gənclərinə, onların gələcəyinə bütün istiqamətlərdə öz həyat təcrübəsinə əsaslanaraq elə böyük milli mənəvi dəyərlər formalaşdırıb ki, bu dəyərlərlə millətimiz daim qüdrətlənəcək və öz tarixi ədalət mübarizəsində hər zaman qalib olacaqdır".
General Mansurov hesab edir ki, Azərbaycan gənclərinin də öhdəsində böyük məsuliyyət var.
"Hesab edirəm ki, gənclərə təhsil və savadları ilə bağlı xüsusi diqqət və qayğıya görə, təşəkkürümüzü bu gün biz dövlətə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə xidmətimizlə göstərməliyik. Gənclərin elm və təhsil, yüksək texnologiyalar, idman və digər sahələrdə yaranan imkanlardan yararlanmaları və müstəsna inkişafları mövcud gözləntilərdir".
Olaylar.az