Mədəni müxtəliflik bizim zəifliyimiz deyil, gücümüzdür - ÖZƏL
13 Mart 2023 11:20 Siyasət"Müxtəlifliyi ziddiyyət kimi deyil, zənginlik kimi qəbul etmək, heç bir ayrı-seçkilik etmədən hamıya bərabər hüquqlar və bərabər imkanlar vermək lazımdır. Müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələri arasında dialoq təşviq edilməlidir. Bunlar demokratik, ədalətli və dinc cəmiyyətlərin qurulması üçün əsas ilkin şərtlərdir". "Olaylar"ın məlumatına görə, bunu deyən Milli Məclisin sədri Sahibə Qafarova dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun, multikulturalizmin mərkəzlərindən biri kimi qəbul edilən Azərbaycanın təcrübəsindən söz açıb: "Cəmiyyətimiz əsrlər boyu formalaşmış mənəvi dəyərləri rəhbər tutur. Cənubi Qafqaz regionunda Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan bir-birinə hörmət, dostluq və sülh şəraitində birgə yaşayan müxtəlif etnik və dini qrupların ümumi evidir. Mədəni müxtəliflik bizim zəifliyimiz deyil, gücümüzdür. Azərbaycanda müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yana sıralanıb. Multikulturalizm xalqımız üçün bir həyat tərzidir, eyni zamanda bu, dövlət siyasətidir. Hökumətimiz bu dəyərləri qorumaq və daha da inkişaf etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin himayəsi altında multikulturalizmi, tolerantlığı və dinlərarası dialoqu təşviq edən çoxsaylı beynəlxalq tədbirlər təşkil edir".