İran bir daha Azərbaycana qarşı düşmənçilik mövqeyində olduğunu sübuta yetirdi - ÖZƏL
13 Mart 2023 10:32 Siyasət"İran artıq neçənci dəfədir ki, Azərbaycanı təxribata çəkir, bizi təhdid edir. Martın 11-də bu ölkənin hərbi təyyarəsinin dövlət sərhədimizi pozmağa yönəlik cəhdi də bunlardan biri idi". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, İran sonuncu hərəkəti ilə bir daha Azərbaycana qarşı düşmənçilik mövqeyində olduğunu sübuta yetirdi:
"Mollalar hesab edirlər ki, bu cür təxribat və təhdidlərlə Azərbaycanı öz yolundan döndərə biləcəklər. Ancaq cənub qonşumuz tamamilə yanılır. Çünki Azərbaycan Cənab prezident İlham Əliyevin dediyi kimi nəyi nə zaman edəcəyini özü müəyyən edir".
Arzuman Muradlı hesab edir ki, İranın dövlət sərhədi təxribatı Azərbaycanın İsraildə səfirlik açmasının qarşısını almağa hesablanıb:
"Düşünürlər ki, bu yolla Azərbaycanın səfirlik açması istəyinin qarşısını ala bilərlər. Bildiyiniz kimi, bu ayın sonunda Azərbaycanın İsraildə səfirliyi fəaliyyətə başlayacaq və İran da əsassız yerə bundan bərk narahat olub".
Arzuman Muradlı onu da deyib ki, İran bu kimi təxribatçı əməllərini davam etdirsə də, lakin Azərbaycana qarşı açıq şəkildə güc nümayiş etdirməyə özündə cəsarət tapmaz:
"Çünki mollalar Azərbaycanın hərbi gücünü, qüdrətini 44 günlük Vətən müharibəsində gördülər. Digər tərəfdən sərnişin təyyarəsi ilə digər bir yad cismi, yaxud raketi ayırd edə bilməyən bir dövlətin hansı "gücə" malik olduğu bütün dünyaya məlumdur. Hər dəfə keçirdiyi hərbi təlimlər zamanı onlarla itki verən mollaların hərbi gücü də Rusiyanın hərbi qüdrəti kimi sabun köpüyü kimi bir şeydir".