Azərbaycanın antiterror əməliyyatı keçirməsi reallığı hər an gündəmdədir - ÖZƏL
10 Mart 2023 14:23 Siyasət"Separatçıların silahlandırılması faktı yeni olmasa da, görünən odur ki, bu prosesin davam etdirilməsi regionda sülh istəməyən Rusiyanın maraqları çərçivəsindədir". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, sülh danışıqları getdiyi mühitdə silahlanma danışıqların vaxt qazanmaq olduğu qənaətini hasil edir:
"Görünən odur ki, istər Rusiya, istərsə də, erməni tərəfinin gələcəyə yönəlik ümidləri hələ qalıb və onlar əlverişli məqam gözləyirlər ki, yenidən itirdiklərini geri alsınlar. Təbii ki, bu, bizə görə, mümkünsüz kimi görünsə də, ermənilərin xəstə təfəkkürü onları yanlış qərarlar verməyə sövq edir".
Politoloq daha sonra bunları deyib: "Azərbaycan Prezidenti son açıqlamalarında qeyd etdi ki, "biz sülh üçün çox çalışdıq. Sülh olacağı təqdirdə Qarabağın erməni əhalisi əvvəlkindən daha yaxşı yaşayacaq". Amma görünən odur ki, erməni tərəfi bunu anlamır. Azərbaycanın öz suverenliyini bərpa etmək üçün antiterror əməliyyatı keçirməsi reallığı hər an gündəmdədir və böyük ehtimalla, yaxın müddətdə buna ehtiyac olacaq. Prezidentin də həm ermənilərə, həm də onların havadarlarına son şansı verdiyi qənaətindəyəm. Sülh istəmirsinizsə, müharibəyə hazır olsunlar. Amma sonrasına qatlanmaq onların biləcəyi iş olacaq".