Azərbaycan qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi məkana çevrilib - ÖZƏL
10 Mart 2023 12:26 Siyasət"Azərbaycan artıq bir neçə ildir ki, qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi, dünyada mövcud olan bu və ya digər humanitar, sosial problemlərin həlli məqsədilə təşəbbüslərin irəli sürüldüyü məkana çevrilib. Təqdirəlayiq hal ondan ibarətdir ki, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti beynılxalq səviyyədə ciddi dəstək görür". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Bakıda keçirilən X Qlobal Bakı Forumu ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, ildən-ilə foruma olan marağın, onun iştirakçılarının say tərkibinin artması deyilənləri təsdiqləyir:
"Bu da ilk növbədə Azərbaycan dövlətinin, onun rəhbərliyinin şəxsi nüfuzu, siyasi çəkisi və ortaya qoyduğu iradə ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu kimi beynəlxalq forumlar, konfransların keçirilməsinin təşəbbüskarı olaraq həm də dünyaya onu sübut edir ki, Azərbaycan təkcə özünü deyil, ümumilikdə bəşəriyyəti, qlobal miqyasda mövcud olan problemlərin həllini düşünür, onların aradan qaldırılması istiqamətində beynəlxalq səyləri səfərbər edir. Bu mənada Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti, peyvənd ayrıseçkiliyə qarşı ortaya qoyduğu siyasi iradə və bu mövqenin BMT səviyyəsində belə dəstəklənməsi deyilənlərin sübutudur".
Arzuman Muradlı onu da deyib ki, Azərbaycan bu kimi tədbirlərlə ölkəmizdə mövcud olan multikulturalizm, dinlərarası dialoqun yüksək səviyyədə olması, fərqli mədəniyyətlərin ölkəmizdə tolerant şəkildə mövcudluğu gerçəkliyini, reallığını dünyaya bir daha göstərir, sübuta yetirir:
"Təsadüfi deyil ki, bu mənada Qlobal Bakı Forumunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko siyasi Davos Forumu kimi də xarakterizə edib. Bu da öz növbəsində Azərbaycanın regionda və dünyadakı rolu, mövqeyini bir daha ortaya qoyur".