Ölkədə ciddi məhkəmə-hüquq islahatlarının aparılmasına ehtiyac var
10 Mart 2023 10:29 SiyasətGüclü məhkəmə hakimiyyəti yaradılmalıdır
Azərbaycan parlamenti İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini qəbul edib. İnsafən qeyd edilməlidir ki, Ombudsmanın sonuncu hesabatı daha təkmil və əhatəli hazırlandığından millət vəkillərinin ciddi müxzakirəsinə səbəb olub. Üstəlik Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın hesabatda bir sıra təkliflərinin əksni tapması bir sıra məqamların üzə çıxması ilə müşayət olunub. Belə ki, illik məruzəni təqdim edən S.Əliyeva orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi təklifini irəli sürüb. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması da Ombudsman tərəfindən təklif olunub. Ombudsman qeyd edib ki, vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılması olduqca əhəmiyyətlidir: "Məşğulluq" altsistemindəki vakansiya bankından münasib işlər təklif olunmuş və barəsində elektron göndəriş formalaşdırılmış vətəndaşlar bir çox hallarda həmin göndərişin verildiyi müəssisələrə müraciət edərkən müvafiq ştat vahidinin vakant olmadığı əsas gətirilərək imtina cavabı alırlar ki, bu da əsaslı şikayətlərə səbəb olur. Odur ki, məşğulluq orqanları vətəndaşın işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir". S.Əliyeva bildirib ki, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac vardır. Bu məqsədlə həmin yardımın təyin olunması zamanı istismara yararsız nəqliyyat vasitəsinin, kommunal və rabitə xərcləri məbləğinin nəzərə alınmaması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, habelə beşdən çox uşağı olan qadınlara verilən müavinətin cari transfertlər siyahısından çıxarılması zəruridir: " Əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinə ehtiyac vardır. İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir". O, vurğulayıb ki, dərman vasitələrinin keyfiyyəti də narahatlıq yaradan problemlərdəndir. Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə də ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir.Təhsil hüququnun təmin edilməsinin mühüm elementi kimi orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə məktəblərdə psixoloq ştatlarının artırılması, müəllim-şagird münasibətlərində, pedaqoji heyət daxilində yarana biləcək mübahisələrin effektiv həlli məqsədilə təhsil sistemində mediasiya institutunun bu və ya digər müsbət beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasına ehtiyac vardır. Respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur ki, bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir: "Odur ki, həmin təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha məqsədəmüvafiqdir. İnsanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, xüsusilə tikintisi aparılan bina və qurğuların yaxınlığında, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, xüsusilə bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır".
Bir sıra millət vəkili isə hesab edir ki, illik hesabatda əksini tapmış çatışmaqzlıqlar və təkliflərin həlli Ombudsmanın səlahiyyəti xaricindədir. Bunun üçün dövlət qurumları arasında koordinasiya olmalı, bəzi təkliflərin reallaşması üçün isə hökumət səviyyəsində qərar qəbul edilməlidir. Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Insan Hüquqları üzrə Müvəkkilinin (Ombusmanın) 2022-ci il məruzəsində yer alan çoxsaylı təkliflərdən biri də qadınların pensiya yaşının azalması ilə bağlıdır: "Elə məhz bu məsələ ilə bağlı çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, pensiya yaşının dəyişdirilməsi müzakirə edilən məsələlərdəndir. Biz də ötən il Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsinin maliyyə əsaslandırılmasının hazırlanması təklifini irəli sürmüşük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu islahatın reallaşacağı halda maliyyə yükünün hesablanması həyata keçirilməsini və ona uyğun müzakirələrin davam etdirilməsini təklif etmişdik. Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir. Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Məsələn Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Uyğun olaraq Macarıstanda 64.5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62.5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı. Bu baxımdan, maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür".
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Ombudsmanın illik məruzəsi ilə tanışlıq əminliklə deməyə əsas verir ki, ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı böyük və hər birimizi narahat edən çatışmazlıqlar var: "Bunun üçün ölkədə ciddi məhkəmə-hüquq islahatlarının aparılmasına ehtiyac duyulur. Yəni, ombudsmanın fəaiyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür. Ombudsman Səbinə Əliyeva qeyd elədi ki, müəyyən qanunvericilik aktlarına dəyişikliklər etmək lazımdır. Açıq daha yaxşı olardı ki, ombudsman mərkəzi icra hakimiyyəti orqanları ilə işləsin və onlardan gələn qanunları, ombudsmanı əmin edirəm ki, biz burada təsdiq edib geri qaytaracağıq. Məni narahat edən məsələ məhkəmə-hüquq islahatlarının dərinləşdirilməməsi ilə bağlıdır. Baxmayaraq ki, cənab Prezident bununla bağlı xüsusi fərman imzalayıb. Amma o islahataların mahiyyəti onunla yekunlaşdı ki, iqtisadi məhkəmənin adı dəyişdirildi, kommersiya məhkəməsi adlandı. Bununla da sanki məhkəmə-hüquq islahatları başa çatdı. Məhkəmə-hüquq islahatları kadr islahatları ilə başlanmalı idi". Millət vəkili əlavə edib ki, vaxtilə "Məhkəmə ekspertizası haqqında" qanun qəbul edilib: "Biz özəl məhkəmə ekspertlərinin yaradılmasına yaşıl işıq yandırdıq. Amma bu günə qədər bu istiqamətdə heç bir ciddi addım atılmayıb. Dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, Azərbaycanda ibtidai həbs müddəti təqribən 1 il 9 aydır. Bu olduqca böyük bir zamandır. Əgər kifayət qədər əsaslar yoxdursa, şəxs niyə həbs olunur? O zaman subutlar toplanmalıdır. Yox əgər kifayət qədər sübutlar toplanıbsa, onda şəxs həbs olunandan sonra istintaq niyə bu qədər davam edir? Ona görə də mən düşünürəm ki, bu istiqamətdə fundamental dəyişikliklər edilməlidir. Azərbaycanda istintaq aparan 8 istintaq orqanı var. Hər orqan özünə istintaq idarəsi yaradıb. Yəni bundan sonra elə təəssürat yaranır ki, Azərbaycanda az qala elə bir nazirlik, xidmət yoxdur ki, özünün istintaq orqanı olmasın. Yəni vahid dövlət istintaq komitəsi yaradılmalıdır". Millət vəkili həmçinin bildirib ki, məhkəmə süründürməçiliyi ilə bağlı məsələlərə nəhayət ki, son qoyulmalıdır: "Xatırlayırsınızsa mən ombudsmanın ötən hesabatı zamanı Gəncədə inzibati məhkəmə ilə bağlı bir məsələ qaldırmışdım ki, Rusiyada fəaliyyət göstərən bir sahibkar Gəncədə özünə bir restoran tikib, amma onun çıxarışını ala bilmir. Çıxarış məsələsi nədir ki, məhkəmədə o bir il iki ay süründürülür. Məhkəmə hər iki aydan bir işi heç bir əsas göstərilmədən təxirə salınır. Bu günlərdə mən Azərtac-ın müxbiri Aygün Əliyeva ilı bağlı da bir məsələ qaldırmışdım. 2020-ci ilin oktyabrından bu şəxs işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. 2 ildən artıq vaxt keçməsinə baxmayaraq məsələ bu günə qədər öz həllini tapmayıb. Sadə bir məsələdir, yəni çoxepizodlu bir məsələ deyil. Ona görə də məhkəmə süründürməçiliyinin qarşısı alınmalıdır. Bu istiqamətdə qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir. Andlı iclasçılar institutu Azərbaycanda bərpa olunmalıdır. Vaxtilə bu bizim qanunvericiliyə daxil edilmişdi. Məhkəmələr çalışırlar ki, daha çox qanuna əsaslanan qərarlar qəbul etsinlər. Baxmayaraq ki, Konstitusiyada yazılıb ki, ilk növbədə qərarlar hökmlər, qətnamələr ədalətli olmalıdır. Ədalətli və qanuna əsaslanan qərarlar. Bunu yalnız andlı iclasçılar institutu həyata keçirə bilər. Mən hesab edirəm ki, insan hüquq və azadlıqları ilə bağlı ombusmanın görə biləcəyi iş azdır. Önun üçün güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Biz də əsas diqqətimizi bu sahəyə yönəltməliyik".
Alim