Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış strategiya Heydər Əliyevin iqtisadi siyasətinin özəyini təşkil edirdi
3 Mart 2023 11:16 SiyasətÜmumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır. Bu ölçüyəgəlməz xidmətlərdən söhbət açanda öncə onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara (1969-1982) nəzər yetirmək vacibdir. Burmənalı şəkildə qeyd edilməlidir ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Sirr deyil ki, Heydər Əliyevə qədər Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqı çoxsaylı yerüstü, yeraltı sərvətləri ilə təmin edib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci dəfə hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verildi, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək xilas yolunu tapdılar.
Məlum olduğu kimi SSRİ-nin dağılması ilə bütün iqtisadi əlaqələrin kəsilməsi 15 müttəfiq respublikanı çıxılmaz vəziyyətə saldı. Belə bir vəziyyətdə qarşıda duran əsas məsələ iqtisadi islahatlar aparmaqla ölkəni böhrandan çıxarmaq idi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına səbəb oldu. Aparılan islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsi isə iqtisadi dayanıqlıq üçün etibarlı zəmin yaratdı. Yeri gəlmişkən xatırladaq ki, Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi. 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında Milli Məclisə təqdim olunmuşdu.
Birmənalı şəkildə qeyd edilməlidir ki, güclü iqtisadiyyata və sosial rifaha hesablanmış neft strategiyası Heydər Əliyevin iqtisadi siyasətinin özəyini təşkil edirdi. Müstəqilliyin ilk illərində sosial-iqtisadi məhrumiyyətlərlə üzləşmiş Azərbaycanın inkişafında ciddi dönüşə nail olmaq üçün ölkənin zəngin karbohidrogen ehtiyatlarından iqtisadiyyatda səmərəli istifadə olduqca zəruri və eyni zamanda çətin məsələ idi. Dahi siyasət korifeyi Heydər Əliyev bu məsələni ölkənin gələcəyi üçün həlledici amil hesab edirdi. Odur ki, neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsi iqtisadi siyasətə qlobal və korrekt yanaşmanın ən ümdə məqamlarından biri kimi qarşıda dururdu. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasına yaradılan maneələrin neytrallaşdırılmasına yalnız dəqiq strategiya və qlobal liderlik keyfiyyətləri ilə nail olmaq olardı. Məhz ümummilli liderin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi və "Əsrin müqaviləsi"nin imzalanması ilə bu maneələr tamamilə aradan qaldırıldı. "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur" deyən Heydər Əliyevin siyasi əzmkarlığının təntənəsi olan bu sənəd ölkənin enerji potensialının milli mənafelərimizə uyğun şəkildə dünya bazarına çıxarılmasına, iqtisadiyyatın digər sahələrinin də inkişafına geniş imkanlar açdı. Beləliklə, Azərbaycan postsovet məkanında Qərbin transmilli neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət kimi Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoydu, bununla Azərbaycanı dünya iqtisadiyyatına bağlayan ən önəmli addımlardan biri atıldı.
Neftin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə neftin ixrac marşrutlarının şaxələndirilməsinə nail olundu. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Heydər Əliyevin neft strategiyasının ən böyük uğurlarından biridir. Məhz ulu öndərin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində reallaşan neft strategiyası ölkənin iqtisadi inkişafının qarantına çevrilməklə bu sahədə yeni bir mərhələnin əsasını qoydu. Çox böyük siyasi maneələr dəf edilməklə reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə şübhə ilə yanaşanlara ümummilli lider sərrast cavab vermişdi: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır". Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Azərbaycan qazının dünya bazarına ixracının təmin olunması üçün ulu öndərin təşəbbüsü ilə Cənubi Qafqaz Boru kəmərinin inşasına başlanıldı ki, bu faktor da respublikanın öz enerji resurslarından səmərəli istifadəsini, ölkənin ümumi inkişafına xidmət edən və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşdırılmasını təmin etmək baxımından olduqca vacibdir.
Enerji daşıyıcılarının satışından əldə olunan vəsaitlərin strateji sahələrin inkişafına yönəldilməsini təmin etməklə bağlı həyata keçirilən məqsədyönlü siyasət xüsusi vurğulanmalıdır. 1999-cu ildə ümummilli liderin fərmanı ilə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin gəlirlərin prioritet sahələrin inkişafına yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Bu fond ulu öndərin "Neft sərvətimiz, ilk növbədə, müstəqil Azərbaycan Respublikasının inkişafı, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, vətəndaşların maddi rifahının yüksəldilməsi üçün istifadə olunmalıdır" fəlsəfəsindən irəli gəlməklə karbohidrogen ehtiyatlarının cəmiyyətin bütün vətəndaşlarının sosial rifahı və gələcək nəsillərin inkişafına yönəldilməsində mühüm mexanizmə çevrildi. Təsadüfi deyildir ki, ümummilli liderin təşəbbüsü ilə fondun ilk vəsaiti qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Hazırda fond bu sahədə səmərəli fəaliyyət göstərir və onun işində şəffaflığın təmin edilməsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Beləliklə, Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının uğurlu gələcəyini təmin edən uzaqgörən neft strategiyası, yaradılan neft-qaz sənayesi iqtisadi həyatın bütün digər sahələrinin harmonik inkişafı baxımından vacib faktor oldu.
Alim Hüseynli