Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunun açılması ilə bağlı tələbi əsassızdır - ÖZƏL
24 Fevral 2023 11:02 Siyasət"Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunun açılması ilə bağlı tələbi əsassızdır, çünki bu yol açıqdır və Xankəndi erməniləri bu yoldan humanitar məqsədlə istifadə edə bilir". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Ermənistanda bunu başqa cür təqdim etməyə çalışırlar: "Guya Azərbaycan Xankəndində soyqırım törədir və Ədalət Məhkəməsi buna etiraz edir. Azərbaycan bütün dünyanın diqqətini Xankəndindəki qanunsuzluqlara cəlb etdiyi bir zamanda hansı soyqırımdan söhbət gedə bilər?
Əksinə, Azərbaycanın məqsədi Xankəndi erməniləri ilə məsələləri sivil yolla həll etməkdir". Vüqar Əhmədovun sözlərinə görə, Laçın yolundakı sivil etiraz aksiyaları isə məhz Qarabağda qanunsuz hərbi qruplaşmalara son qoymaq üçün yaxşı fürsətdir: "Azərbaycan ermənilərin Laçın yolundan maneəsiz hərəkətini ən yüksək səviyyədə təmin edib, onlar Rusiya sülhməramlılarının və Qızıl Xaç Komitəsinin maşınları ilə bütün ehtiyaclarını təmin edirlər, lakin Azərbaycanlı sivil etirazçıların ekoloji monitorinq aparılmasına Qarabağdakı qanunsuz hərbi qruplaşma mane olur və Ədalət Məhkəməsi bununla bağlı qətnamə qəbul etməlidir".