Dünyanın bütün tribunalarında bu faktlarla bağlı məlumat səsləndirilsə, dünya hərəkətə gələ bilər - ÖZƏL
23 Fevral 2023 15:22 SiyasətBu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
"Bilirik ki, erməni təcavüzü hələ 1988-ci ildən başlayaraq, mümkün qədər Ermənistan ərazisində yaşayan azərbaycanlıları qorxutmaq, şantaj etmək, öldürmək, qətlə yetirməklə, Ermənistanı tərk etməyə vadar etməkdən ibarət idi. Daha sonra Azərbaycanın ermənilərin müəyyən saylarda yaşadığı bölgələrində, şəhərlərdə, o cümlədən, Bakıda və Sumqayıtda yaşayan ermənilərin özləri tərəfindən qətliamların təşkil edilməsi və sonda bunun məsuliyyətinin azərbaycanlıların üzərinə atılması ilə dünyada azərbaycanlıların vəhşi obrazının yaradılmasından ibarət idi. Erməni təcavüzünün mahiyyəti, Ermənistanda bütün türk kökənli insanları qovmaq və monoetnik bir erməni dövləti yaratmaqdan ibarət idi. Erməni təcavüzünün mahiyyəti tarixən azərbaycanlılara məxsus olan torpaqları, o cümlədən, keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı bölgələri Füzulidən başlayaraq, Zəngilana tərəf, hətta Naxçıvanın özünü işğal etmək, burda yaşayan insanları kütləvi şəkildə qırmaq, gözlərini qorxutmaq, buralardan çıxartmaq yolu ilə həmin ərazilərin Ermənistana birləşdirilməsinə nail olmaqdan ibarət idi. Erməni təcavüzünün mahiyyəti barədə bu deyilənlər onların 1988-dən başlayaraq ölkəmizə qarşı hansı miqyasda qətliamlar, soyqırımlar və hərbi cinayətlər törətməsi ilə bağlı tam təsəvvürə gəlmək mümkündür.
Hər şey 1988-ci il fevralın 21-də Əsgəranda iki nəfər azərbaycanlı gəncin öldürülməsi ilə başladı. XX əsrin sonlarında, yəni, Azərbaycanın da, Ermənistanın da müstəqil dövlətçilik qurmağa hazırlaşdıqları vaxtda, insan qətli, insanlığa sığmayan cinayətlərin törədilməsi ilə başlayan, müşayiət olunan hadisələr məhz ilk dəfə olaraq ermənilər tərəfindən başladı.
Daha sonra Sumqayıtda fevral ayında ermənilərin qətliamlarını özləri təşkil etdilər və həmin qətliamı Azərbaycanın üstünə atmaqla bizim dünyada obrazımızı yaratmağa çalışdılar.
1990-cı ilin yanvarında Bakıda azərbaycanlılara kütləvi qırğının törədilməsi, rus bayrağı və rus ideologiyası altında olsa da, amma əslində ermənilərin özü tərəfindən törədilmiş cinayətlər idi.
Bundan başqa 1990-cı ildə Naxçıvanın Kərki kəndində insanları necə vəhşiliklə ordan çıxardan ermənilərin cinayətləri hələ də unudulmayıb. Naxçıvanın Ermənistan ilə həmsərhəd olan kəndlərində birbaşa kəndlərə doluşaraq cinayətlər törətdikləri barədə faktlar olmasa da, amma sərhəd bölgələrində atışmalarla və sərhəd bölgələrinə uzaqdan hərbi zərbələr endirməklə, nə qədər azərbaycanlını qətlə yetirdilər.
1990-cı ilin mayında Sədərəkdə ermənilərin təcavüzü nəticəsində neçə nəfər şəhid verdiyimizi bütün Azərbaycan və dünya bilir.
Sonrakı dövrlərdə 1990-cı illərdə Qazaxın Bağanis Ayrım kəndində, 1991-ci ildə Meşəlidə, Baş Güneytəpədə, Ağdabanda, 1992-ci ildə Qaradağlıda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə və Azərbaycanın digər yaşayış məntəqələrində ermənilərin törətdikləri qətliamları təsəvvür etmək üçün gərək hissiyyatların böyük bir hissəsini kənara qoyasan. Bütün bu hadisələrin heç birini hissiyyatsız, emosiyasız oxumaq, xatırlamaq mümkün deyil. Şuşanın yaxınında Quşçular, Daşaltı, Malıbəyli kəndlərində insanların başına açılan fəlakətlər hələ bu gün də unudulmayıb və bütün bunlar Xocalıdakı kütləvi qətliamın ancaq giriş hissəsi idi.
Ermənilər əsas faciəni 1992-ci ildə Xocalıda törədənə qədər artıq dünya qətliamları tarixində qanlı hərflərlə məhz ermənilər tərəfindən yaradılmış saysız cinayətlər törədilmişdir ki, bunlar da heç vaxt unudulacaq hadisələr deyil. Dünya bilməlidir ki, erməni qətliamlarının tarixi təkcə Xocalı ilə bitmir. Erməni qətliamları bir az da uzağa getsək, hələ XIX əsrin sonlarında Türkiyənin ərazisində elə Bakıda və Bakı ətrafında başlayan qırğınlar təəsüf ki, XX əsrin sonlarında məhz Kreml hakimiyyətinin fitvası ilə daha dəhşətli formalarda davam etdirildi.
Bu hadisələrlə, xüsusilə də, 1980-ci illərin sonlarından və 1990-cı illərin əvvəllərində ermənilərin bizim ərazilərimizdə törətdikləri qətliam faktlarının tam mənzərəsinin yaradılması, dünyaya çatdırılması olduqca vacibdir. Kinolar çəkilməsi, bədii əsərlərin yazılması, hətta kiçik həcmli hekayələrin, sənədli əsərlərin yazılması və onun bütün detallarına və xüsusiyyətlərinə qədər dünya ictimaiyyətinə çatdırılması çox vacibdir. Ona görə ki, əgər ermənilər azərbaycanlıların heç vaxt törətmədikləri, sadəcə uydurma şəklində olan müəyyən olayları həqiqət kimi dünyaya sırımağa çalışdıqları bir vaxtda Azərbaycan real faktları dünya ictimaiyyətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməlidir. Necə bağışlamaq olar ki, ermənilər hələ azərbaycanlılar 1988-1989-cu illərin əvvəllərində az sayda olsalar da Qərbi Azərbaycanda, yəni, indiki Ermənistan ərazisində yaşamağa davam etdikləri bir vaxtda dinc sakinləri dəmir boruların içinə doldurub hər iki tərəfdən qaynaq etmək və onları qızmış dəmirin içərisində məhv eləmək insanlıqla bir araya sığmayan cinayət əməlidir.
Bu cür faktlar 1988-ci ildən başlayaraq, 1993-cü ilə qədər ermənilər tərəfindən Azərbaycanda törədilmiş saysız hesabsız cinayətlər xronikasının tərkib hissələridir. Mən düşünürəm ki, biz bu faktları dünya miqyasında lazımi qədər tanıtmağa cəhd göstərsək, dünyanın bütün tribunalarında bu faktlarla bağlı məlumat səsləndirilsə, nəhayət ki, dünya hərəkətə gələ bilər. Erməni cinayətləri bütün dünya boyu ifşa olunmalıdır".