"44 günlük Vətən müharibəsi qətlə yetirilən soydaşlarımızın ruhunu dincəltdi"- ÖZƏL

"Xocalı soyqrımı 20-ci əsrin son 10 illiyinin ən dəhşətli cinayətlərindən biridir. Bu cinayət bir ölkənin silahlı terror dəstələrinin dinc əhaliyə qarşı apardığı soyqrım siyasətidir. Bir gecədə on minə yaxın əhalinin yaşadığı şəhər yer üzündən silindi. Yüzlərlə insan qətlə yetirildi, itkin düşdü. Uşaqlar, qocaqlar, qadınlara qarşı ən amansız işgəncələr həyata keçirildi. Bu erməni faşizminin simasının daha bir nümayişi idi. Erməni faşizmi azərbaycanlılara qarşı o cümlədən, Osmanlıda türklərə və müsəlmanlara qarşı etnik təmizləmə və qətliam həyata keçirib. Təkcə Azərbaycan ərazisində 20 -ci əsrin əvvəllərindən başlayaraq, bir neçə dəfə kütləvi qətliamlar, terror hadisələri həyata keçirilib".

Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

"Terror hadisələri başlanğıcını 1905-1907-ci illərdən alır. Həmin dövrlərdə Zəngəzur və Qarabağ ərazilərində yaşayan azərbaycanlılara qarşı erməni silahlı dəstələri tərəfindən hücumlar təşkil edilib. Silahlı toqquşmalar zamanı yüzlərlə azərbaycanlı öldürülüb. Rusiya imperiyası dağıldıqdan sonra 1917-1920-ci illər arasında Andrenin, Andranikin, Dronun, Nijdenin, Amazapsın və digər erməni terror rəhbərlərinin başçılıq etdiyi terror dəstələri İrəvan quberniyasında və ətrafı ərazilərdə xüsusilə, Zəngəzurda, Qarabağda, Bakıda, Şamaxıda , Qubada kütləvi qətliamlar törədib. Məhz bunun nəticəsində hazırda Qərbi Zəngəzurda 200-dən artıq Azərbaycan kəndi dağıdılıb.  Yüzminlərlə insan öz doğma torpaqlarından qovulub.

Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistanda aparılan siyahıyalmadan sonra orada yaşayan 1 milyon 250 min əhalinin 570 min nəfərinin azərbaycanlı olduğu müəyyən edilmişdi. Ondan sonraki dövrlərdə yüzminlərlə azərbaycanlı yaşadığı ərazilərdən çıxarılıb, əlverişsiz ərazilərə köçürüldülər. Həmin ərazilərə xaricdən gətirilən ermənilər yerləşdirildi.

Azərbaycanlıların sonuncu dəfə deportasiya edilməsi 1988-ci ilə təsadüf etdi. 300 minə yaxın soydaşımız SSRİ hakimiyyətinin də göz yumması ilə son nəfərə qədər qovuldu. Bu tarixdə yüzlərlə soydaşımız qətlə yetirildi. İyirmiyə yaxın azyaşlı dəmir borulara yığılaraq, qətlə yetirildi.

1988-ci ildən münaqişə genişlənərək müharibəyə çevrildi. 1 milyona yaxın soydaşımız Qarabağdan məcburi köçkün düşdü. Erməni faşizmi azərbaycanlılara qarşı xüsusi düşmənçiliyi ilə hər zaman fərqlənib. Erməni faşizminin soyqrım siyasətinə nəhayət 2020-ci ildə 44 günlük müharibədən sonra son qoyuldu. Müzəffər Azərbaycan ordusu Ermənistan ordusunun bel sütununu qırdı. Bununla həm Xocalıda və digər bölgələrdə şəhid düşən soydaşlarımızın qisası alındı. Qarabağda Xocalıya qədər Quşçular, Malıbəyli, Cəmilli, Meşəli, Qaradağlı qətliamları olmuşdu. 44 günlük Vətən müharibəsi qətlə yetirilən soydaşlarımızın ruhunu dincəltdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31