Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib

Sumqayıt şəhər İcra Hakimiyyətinin Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi 15 modul tipli ev ünvana çatdırılıb.

Bunu Trend-ə açıqlamasında Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov deyib.

O bildirib ki, modul evlər və 721 min manatlıq 76 tondan artıq zəruri yardım Türkiyənin Qaziantep və Hatay bölgəsində ehtiyacı olan insanlara verilib. Bu gün isə növbəti 6 modul ev və 91 min manatlıq zəruri yardım Türkiyəyə yola salınır".

Bununla da son 10 gün ərzində Sumqayıtdan 21 modul tipli ev, 6 kabinəli bir sanitar qovşağı və 812 min manat məbləğində zəruri humanitar yardım göndərilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.

Qeyd edək ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

T. Səmədov deyib ki, Sumqayıt şəhərində yardımların toplanması bundan sonra da davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31