Ermənilərin növbəti arzuları puça çıxdı
23 Fevral 2023 13:22 Siyasət"Beynəlxalq tədbirlərdə regionda dayanıqlı sülhün formalaşdırılması üçün konstruktiv mövqe çox önəmlidir.
Təəssüf ki, Moldovanın paytaxtı Kişineu şəhərində təşkil edilən Avronest Parlament Assambleyasın 10-cu plenar sessiyasında və eləcə də komitə iclaslarında Ermənistan nümayəndə heyəti sülhə və regionda əməkdaşlığa deyil, guya Laçın yolunun bağlanması, Qarabağda güya humanitar fəlakətin olması kimi əsassız çıxışlara fokuslanırdılar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Ermənistan deleqasiyası "Laçın dəhlizinin açılması", "Dağlıq Qarabağın blokadasının götürülməsi", "Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması", "ATƏT-in Minsk qrupunun fəallaşması" kimi əsassız qətnamələr hazırlayıb təqdim etsələr də onların hammısı səsvermədə rədd edildi: "Xatırladaq ki, Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak etdilər. Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edildi.
Ermənistan deleqasiyası nəinki siyasi komitədə, hətta enerji təhlükəsizliyi komitəsində də Laçın yolunda vəziyyət və digər əsassız məsələləri gündəmə gətirirdi. Komitə iclaslarında da bildirdiyimiz kimi, feyk məlumatlar əsasında fərqli profilli komitələrdə siyasi bəyanatlar oxumaq ondan xəbər verirdi ki, Ermənistan tərəfi regionda sülhün əldə edilməsində hələ də maraqlı deyil. Regionun inkişafı isə dayanıqlı sülhdən çox asılıdır".