Ermənistanın məkirli planı nəyə hesablanıb? - ÖZƏL

"Ermənistanın yenidən təxribatlara əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması təsadüfi deyil. Avropa İttifaqının mülki missiya adı altında işğalçı ölkədə fəaliyyətə başladığı ilk gündən Azərbaycanın mövqelərinin atəşə tutulması ölkəmizə qarşı qurulan xain planın tərkib hissəsidir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Təşkilat sədri qeyd edib ki, Ermənistan bu yolla çalışır ki, Avropa İttifaqının hərbi missiyasını da bölgəyə yerləşdirsin: "Əslində Ermənistanın Avropa İttifaqının missiyasına arxayın olaraq Azərbaycana qarşı təxribatlara əl atacağı gözlənilən idi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində  ABŞ dövlət katibi Entoni Blinkenlə baş tutan üçtərəfli görüş, eləcə də konfransın işinə uyöun olaraq keçirilən debatlarda baş nazir Nikol Paşinyanın müzakirələrdən yayınması və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraqlı olmadığı görüntüsü yaratması ondan xəbər verirdi ki, Ermənistan yeni təxribatlara hazırlaşır".
Arzuman Muradlı təəssüflə qeyd edib ki, Ermənistanın regionda yeni gərginlik yaratmaq və sülhdən yayınaraq qarşıdurmaya meyilli olmasında Avropa İttifaqı da məsuliyyət daşıyır və günahkardır: "Çünki Avropa İttifaqının Ermənistana olan münasibəti, onu ciddi cəhdlə mühafizə etməsi İrəvanı ərköyün edir".
Qeyd edək ki, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31