“Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil” - ÖZƏL

"ABŞ Prezidenti Baydenin Kiyevə səfərini  müxtəlif baxış bucaqlarından qiymətləndirmək olar. Amma bunların içərisində ən mühümü məncə, odur ki, Prezident Bayden Ukraynanın bu savaşda qələbə çalmasına əmin olmasa idi, qətiyyən sözü gedən səfəri etməyəcəkdi. Yeri gəlmişkən, Baydenin Kiyevdə apardığı danışıqlarda Ukrayna rəhbərliyinə  bu il güclərini Krımın azad olunmasına səfərbər etmələrinin məsləhət görülməsi də çox şeydən xəbər verir". Bunu "Olaylar"a deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  proseslərin məhz bu yöndə gedəcəyini, Ukraynanın öz torpaqlarını azad edəcəyini Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda əslində cənab İlham Əliyev də bildirmişdi: "Biz təbii olaraq  diqqəti daha çox dövlət başçımızın regionumuzdakı vəziyyət haqda söylədiklərinə yönəltdik. Amma onun  geosiyasi baxımdan ən ağırçəkili fikirləri Azərbaycanın təcrübəsinə dayanaraq ad çəkmədən Rusiya-Ukrayna savaşının necə nəticələnəcəyi haqda idi. Həmən iclasda Gürcüstanın baş naziri Rusiya ilə Ukraynanın sülh danışıqları aparmalı olduqlarını vurğulayarkən baxın, Azərbaycan Prezidenti nə dedi: "Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi. Buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik, yeni nəsil böyüdürdük. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik. Bu baxımdan bəli, mən sülh danışıqlarının keçirilməsinin əleyhinə deyiləm. Lakin siz ədaləti güc vasitəsilə bərpa etməli olursunuz. Bu, sizin qanuni haqqınızdır. Bu haqqı sizə BMT-nin 51-ci fəsli verir. Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz "İsgəndər" raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idi. Bizim torpaqların azadlığı uğrunda apardığımız müharibənin nəticəsi əsas amilin həvəs olduğunu göstərdi. Silah vacibdir, taktika da vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəsdir. Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Necə ki, biz 28 il gözlədik, onlar da gözləyə bilərlər. Lakin gün gələcək, onlar öz torpaqlarına qayıdacaq, işğalçını vurub çıxaracaq və öz bayraqlarını onlara aid olan bütün tarixi binalara sancacaqlar".Yəqin ki, daha şərhə ehtiyac qalmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31