Fransız jandarmlarının gətirilməsi bizim üçün heç nəyi dəyişmir - ÖZƏL

"Hələ uzun zamandır Ermənistan cəmiyyəti və siyasi elitası Azərbaycanla müharibədən sonra düşmüş olduqları biçarə və çətin durumdan çıxmaq üçün yollar axtarırdılar. Onlar buna Ermənistanın  subyektivliyini artırmaq deyirdilər. Ermənilər deyirdilər ki, Azərbaycan tərəfi danışıqlarda qalib tərəf kimi öz tələblərini qoyur, biz isə buna mane ola bilmirik. Əks halda sərhəddə bir-iki atışma olur və erməni tərəfi məcburi şəkildə Azərbaycanın tələblərinə razı olmalı olur. Bunun üçün elə etməliyik ki, heç olmasa Azərbaycanın tələblərinin bir hissəsini neytrallaşdıra bilək". 

Bu fikirləri "OLAYLAR"-a səsləndirən BAXCP sədrinin müşaviri Azər Qasımovun sözlərinə görə, görünən odur ki, Ermənistan bunun yolunu Avropa İttifaqının mülki missiyasını sərhəddə dəvət etməkdə tapıb: "İndi də Fransa jandarmlarını sərhəddə yerləşdirməklə təhlükəsizliyini möhkəmləndirmək istəyir.  Fransa 100-dən çox müşahidəçi adı altında hərbiçi, kəşfiyyatçısını Azərbaycan sərhəddinə göndərir. Onlar guya vəziyyətə nəzarət edəcəklərmiş.  Məsələ ondadır ki, Fransanın keçən ilin sonlarında BMT-də  Azərbaycan əleyhinə qətnamə çıxarmaq üçün çıxardığı oyunları gördük. Nəticəsiz bitən bu oyun Fransanı çox məyus etdi. İndi 100 nəfəri min kilometrdən artıq Azərbaycan-Ermənistan sərhəddinə müşahidəçi qismində göndərməklə oyunlarını davam etdirmək istəyir. Təbii ki, bu oyunda erməni və İran qüvvələrindən istifadə etməklə". 

Azər Qasımov hesab edir ki, Azərbaycan olaraq bizim Fransanın bu addımına və Ermənistanın bu qərarına mane ola bilmək imkanımız yoxdur: "Bu, Ermənistanın daxili işidir. Öz sərhəddinə kimi gətirir, sərhəddini kimə etibar edir.  Təbii ki, bu, Azərbaycanın maraqlarına ziddir. Amma bu reallığı biz yaratmırıq və bununla işləməyi də özümüzdə qəbul etməliyik". 

Politoloq onu da deyib ki, sərhəddə Fransız jandarmlarının gətirilməsi əslində bizim üçün heç nəyi dəyişmir: "Azərbaycan Ermənistanla sərhəd boyu öz məsələsini böyük ölçüdə həll edib. Aİ-nın müşahidəçiləri  gələndən sərhəddə sakitlikdir, atəşkəs pozulmur. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Sakitliklə sərhədlərin möhkəmləndirlməsi işlərini apara bilərik. Buna kimsə bizə mane ola bilməz. Hesab edirəm ki, Fransa, İran,  Aİ, Rusiya birlikdə Ermənistanın "təhlükəsizliyini" yaxşı qoruyacaqlar. Bir-biriləri ilə boğuşub, arada erməniləri tapdaq altına atmasalar yaxşıdır. Biz də sərhəddən onların boğuşmasına baxıb, erməni toplumunu bunların əlindən qurtarmaq üçün kömək təkliflərimizi irəli sürərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31