Ermənistan üzərindən Fransa-Rusiya qarşıdurması İrəvan üçün yaxşı heç nə vəd etmir - ÖZƏL
10 Fevral 2023 12:55 Siyasət"İkinci Qarabağ müharibəsinin başlamasına qədər ATƏT-in Minsk qrupunun həmsədri kimi regionda varlığını göstərən Fransa, müharibədən sonra rəsmi Bakının kəskin siyasi manevrləri ilə regiondan kənarlaşdırıldı. Bundan sonra Makron hökuməti ermənipərəst mövqe sərgiləməklə Azərbaycana qarşı siyasi təzyiqlər etməyə başladı və özü-özünü inkar etməklə bu zamana qədər Minsk qrupu çərçivəsində hansı tip siyasət həyata keçirdiyini nümayiş etdirdi".
Bu fikirləri "OLAYLAR"-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, Aİ mülki missiyasının regiona gəlməsi üçün bütün imkanlardan istifadə edən Makron administrasiyası, həmin missiyasının tərkibində Fransa jandarma qüvvələrindən ibarət hərbi müşahidə qrupunun əlavə edilməsi üçün ciddi səylər göstərir: "Fikrimcə rəsmi Parisin bu kimi cəhdləri ölkəmiz üçün o qədər də mühüm əhəmiyyət kəsb etmir. Çünki rəsmi Bakı istər üçtərəfli bəyanatın müddəalarında, istərsə də Praqa sammitində sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı öz prinsipial mövqeyini sərgiləmişdir. Həmçinin Azərbaycan ordusu sərhəd bölgələrində yerləşdirilib və hərbi vəziyyətə nəzarət edir".
AVP rəsmisi hesab edir ki, Fransanın məlum cəhdləri Azərbaycandan daha çox Rusiyanın mövqeyinə zərbə vurmaq üçün hesablanmış addımdır və Ermənistan üzərindən Fransa-Rusiya qarşıdurması İrəvan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir: "Ermənistan tərəfi isə Aİ missiyasına arxalanaraq Kreml ilə münasibətlərə yenidən baxmaq və sərhədlərin delimitasiya -demarkasiya prosesini arxa plana atmaq istəyir".