Azərbaycanla Avropa arasında yüksək səviyyədə qarşılıqlı etimad və siyasi iradə mövcuddur - ÖZƏL
10 Fevral 2023 10:37 Siyasət"Ölkəmiz Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və bunun üçün Azərbaycanın resursları var". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, Azərbaycanla Avropa arasında çox yüksək səviyyədə qarşılıqlı etimad və siyasi iradə mövcuddur: "Cənab Prezident ötən il baş vermiş mühüm hadisələrdən biri kimi Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılmasını qeyd etdi. Vurğulandı ki, bu, Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində mümkün oldu və nəticədə təbii qazın Bolqarıstana təchizini başlamaq imkanını yarandı. Bu genişləndirmə və interkonnektorlar vasitəsilə qonşu ölkələrə də dəhlizin genişləndirilməsi nəzərdə tutulur. O cümlədən, dekabr ayında Azərbaycan və Rumıniya arasında da qaz təchizatı haqqında saziş imzalandı. Beləliklə, Rumıniya da Cənub Qaz Dəhlizində iştirak edən ölkələr sırasına qoşuldu. Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Saziş imzalandı. Bu, enerji təhlükəsizliyində artıq tamamilə yeni bir səhifənin açılması deməkdir. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk olaraq Yaşıl Enerji Məşvərət Şurası keçiriləcək".