"Aramızda sərhəd olsa da, qəlblərimiz bir döyünür"- ÖZƏL
9 Fevral 2023 16:00 Siyasət"Türkiyədə baş verən zəlzələ sanki Azərbaycanda baş verib. Azərbaycanda hər kəs ayaqdadı, dua edir. Hamı fəlakətin tezliklə bitməsini arzu edir. Azərbaycanın 100-ə yaxın mütəxəssisi hazırda Türkiyənin zəlzələ ərazisində çalışır.
Təbii ki, bütün bunlarda ölkə liderinin münasibəti əvəzolunmazdır. Ailədə başçı münasibəti necə olursa, digər üzvlərin də münasibəti o cür olur.
Türkiyə ilə bağlı çoxmillətli etnik tərkibi olan Azərbaycan birlik sərgilədi. Münasibətlərimiz dövlət səviyyəsindən çox dostluq səviyyəsindədir".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.
Xalqımız öz imkanları daxilində yardım edir. Bu, çox qürurvericidir. Belə xalqın nümayəndəsi olduğumuz üçün qürur duyduq. İran da şərait yaratsaydı biz cənublu qardaş-bacılarımıza da eyni səviyyədə dəstək göstərə bilərdik. Amma özünü müsəlman sayan fars-molla rejimi öz xislətindən əl çəkmir. Azərbaycanın əleyhinə hərəkətlər edirlər. Türkiyədə bizlərə qarşı böyük sevgi formalaşıb. Biz dar gündə onların yanında olduq. Aramızda sərhədlər olsa belə, dövlət siyasətimiz, ürəklərimiz bir döyünür. Bəziləri düşünür ki, bu fəlakət bizim birliyimizə problem yarada bilər. Əksinə, fəlakətlər insanları möhkəmləndirir. Birlikdə bunların da altından qalxacağıq. Allah bir də bizi bu cür çətin günlərlə imtahana çəkməsin.