Azərbaycan dövləti Qarabağdakı erməni əhalimizlə dil tapacaq - ÖZƏL
9 Fevral 2023 14:40 Siyasət"Vardanyanın Azərbaycandan getməsi və yaxud onun bura gəlməsi qanunsuz əməllərdir. Çünki o, Azərbaycan Respublikasının vətəndaşı deyil, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycana daxil olmaq üçün Azərbaycan dövlətindən icazə almaq, müvafiq şəkildə sərhəd keçid məntəqəsindən keçmək lazımdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bütün bunlara baxmayaraq, bu adam bizə bəlli olmayan yollarla, özəlliklə də, Rusiya sülhməramlılarının himayəsi altında bir neçə ay öncə Qarabağa gəlib yerləşdi və burada da qanunsuz əməllərlə məşğul oldu. Təbiidir ki, onun qanunsuz əməlləri nəticə etibarilə ona gətirib çıxarıb ki, sülh prosesi ləngidilir. Əslinə qalanda, o, bura gəlmədiyi dönəmdə artıq Azərbaycanla Ermənistan ümumilikdə sülh müqaviləsini bağlamağa yaxın idi. Bu baxımdan mən düşünürəm ki, istər Ermənistan ictimai rəyi, istərsə də Azərbaycanın müvafiq dövlət qurumları təbiidir ki, uyğun addımlar ataraq bu adamın proseslərdən ümumiyyətlə uzaqlaşdırılmasını təmin etməlidir. Özəlliklə də, Ermənistan bunun qayğısına qalmalıdır. Çünki Vardanyan sadəcə olaraq Azərbaycan üçün deyil, Ermənistanın özü üçün də baş ağrısına çevrilib. Ermənistan hakimiyyəti onun üzündən problemlər yaşayır. Eyni zamanda, Qarabağdakı erməni əhali çox ciddi sıxıntılarla üz-üzə qalıb. Əslinə qalanda, Azərbaycan dövləti o əhalinin bütün problemlərini həll etməyə hazır idi, indi də hazırdır və hər dəfə Azərbaycan dövləti bəyan edir ki, biz erməni əhalisinin humanitar problemlərini öz üzərimizə götürməyə hazırıq. Amma Vardanyan süni şəkildə Qarabağa gətirilərək, orada əhalini öz iradələrinin ziddinə olaraq Azərbaycan dövləti ilə üz-üzə qoymağa çalışır. İndi də planları alınmayanda çox ciddi təpki ilə üz-üzə gəldikdən sonra çıxış yolunu Azərbaycandan çıxıb getməkdə görüb. Yəqin ki, "Vardanyan" layihəsinin müəllifləri də istəklərinə nail ola bilmədiklərini görüncə, onun Qarabağdan deyildiyi kimi gizli yollarla, hətta bir az da bir liderə yaraşmayacaq yollarla çıxmasını təmin ediblər.
Əlbəttə ki, mən düşünürəm ki, bu səhvdən onun özü də nəticə çıxarmalıdır və erməni əhalinin əziyyətinin davam etməməsi üçün bütövlükdə prosesdən kənara çəkilməlidir. Azərbaycan dövləti Qarabağdakı erməni əhalimizlə dil tapacaq, onların bütün problemləri də həll olunacaq və bizim ümumilikdə sərhəd nəzarətimiz tam bərpa ediləcək. Bundan sonra da Ermənistanla Azərbaycan arasında normal dinc qonşuluq münasibətləri başlamış olacaq".