“Vardanyan layihəsi” başa çatır

İş adamının siyasi fəaliyəti fiaskoya uğradı

Rusiyadan Qarabağa köç etmiş erməni iş adamı Ruben Vardanyanın siyasi fəaliyyəti fiaskoya uğramaqdadır. Əslində Rusiyanın xeyir-duası ilə Qarabağda məskunlaşan Vardanyan siyasi fəaliyyətlə deyil, təxribatla məşğuldur. Onun missiyası Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinin müddətini uzatmaq, bundan ötrü isə xalqlaq arasında nifaq salmaqdır. Son günlər bu məqsədlə siyasi dairələrlə fəal görüşlər keçirən Vardanyan hələ ki, heç bir razılıq əldə edə bilməyib. Əksinə, yerli ermənilər, eləcə də  bölgədəki separatçı qüvvələr onun Qarabağdan qovulmasına ciddi cəhd göstərirlər. Hətta bununla bağlı Ermənistan və Rusiya siyasi dairələrlə danışıqlar da aparılıb. Lakin, Vardanyan xarici himayədarları ilə keçirdiyi görüşlər vasitəsilə özünü qondarma "dqr"in "dövlət naziri" və ya "baş naziri" təyin etdirmək üçün zəmin hazırlamağa, Qarabağ separatçıları üçün isə məqbul fiqur olduğunu göstərməyə çalışır. Lakin Azərbaycan ekoloqlarının təşkil etdikləri aksiya R.Vardanyanın bütün planlarını alt-üst etdi. Nəticədə separatçı rejimin gələcək "prezidenti" Qarabağı tərk etməli oldu. Məlumata görə, Qarabağa "rus desantı" kimi atılmış Ruben Vardanyan Moskvaya qaçıb. Erməni mənbələr Rubenin Araiklə münasibətlər fonunda "Xankəndindəki siyasi vəziyyəti aydınlaşdırmaq" üçün Rusiyaya getdiyi yazır. Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, iki məqam Vardanyanın Xankəndini tərk etdiyi ehtimalını artırır: "Rubenin qaçdığı xəbərini yayan mənbə (Caliber) etibarlı hesab edilir. Məlumatda qeyd olunur ki, Vardanyan sülhməramlıların paltarını geyinərək, onların avtomobilində Qarabağdan çıxıb və Moskvaya gedib, beləliklə, "Vardanyan layihəsi"ni başa çatmış hesab etmək olar. Hər gün görüşlər keçirən, çıxışlar edən Ruben son iki gündə "gözə dəymir": sonuncu dəfə bir neçə gün öncə İspaniya və İtaliya mediasına müsahibə vermişdi, həmin müsahibədə bildirirdi ki, "Avropa İttifaqı sözdə danışır, amma əməldə heç nə etmir"; müsahibədə dolayısı yolla mövcud vəziyyətdə "əlindən heç nə gəlmədiyini" deyirdi. Rubendən fərqli olaraq Araik "yaşamaq" üçün Bakının tələbləri ilə razılaşmağın "tərəfdarı" kimi çıxış edirdi. Vardanyanın getməsi Arutyunyanın separatçı rejimdə nəzarəti yenidən ələ alması deməkdir. Lakin burada məsələ Araik və Ruben yox, Rusiyanın dəyişən mövqeyidir. Mümkündür ki, Moskva Bakı ilə anlaşmaq qərarına gəlib". Onun sözlərinə görə, Vardanyanın Qarabağdan getməsi Bakının tələblərinin qəbul ediləcəyi gözləntisini artırır: "Bu tələblər birdən çoxdur: Mədənlərin qanunsuz istismarının dayandırılması və monitorinqinin aparılması; Laçın yolunda "X-ray" skaner cihazlarının quraşdırılması; Yolda sülhməramlıların nəzarət-buraxılış məntəqəsində Azərbaycan nümayəndəsinin də dayanması; Vardanyanın bölgəni tərk etməsi. Təxminən iki həftə öncə Lavrov danışıqların getdiyini, yaxın günlərdə Laçın yolundakı "problemin" həll ediləcəyini açıqlamışdı. Vardanyan Qarabağdan çıxarılıbsa, artıq tələblərdə birinin yerinə yetirildiyi deyə bilərik və digərlərinin yerinə yetiriləcəyi istisna deyil".

Millət vəkili Sahib Alıyev bildirib ki, Ruben Vartanyan Qarabağdakı Rusiya hərbi kontingentinin yük maşınının bortunda  tentin altında gizlənərək Xankəndindən çıxıb: "Biz birmənalı şəkildə bu təxribatçı dələduzun  Moskvadan geri dönməsini istəmirik. Onun Xankəndinə göndərilməsini isə regionda sülhün baş tutmamasına və torpaqlarımız üzərində suverenliyimizin tam təmin olunmasının qarşısının alınmasına cəhd kimi qiymətləndiririk. Azərbaycanın tam haqqı var ki, nə özü, nə də ata-anası Qarabağda doğulub-böyüyən bu sümsük hay yenidən ora dönmək istəsə, qanunlarımızı kobud şəkildə pozduğuna görə tutub həbsə atsın". Onun sözlərinə görə, Ruben Vartanyanın Qarabağdan rədd olması və yenidən ora dönüb-dönməyəcəyi bizim üçün elə də önəm daşımır: "O, heç kimdir. Və pafoslu sözlərinə baxmayaraq hayların maraqlarından çıxış etməyib, etmək fikri də yoxdur. Vartanyan öz xalqına deyil, milyardına, həmən pulları ona qazandıranlara bağlı biridir. Yəni tapşırıq yerinə yetirdiyindən sözü gedən dələduzun harada olması yox, onu Xankəndinə göndərənlərin indən sonra vartanyanlıq edib-etməyəcəkləri əsasdır. Əminəm ki, sifətindən harınlıq tökülən bu komfortist Qarabağdakı bəzi sərt reallıqları gördükdən sonra qətiyyən geri dönmək istəmir. Ona görə də Moskvada öz kuratorlarını inandırmağa çalışacaq ki, Azərbaycanla yanaşı Ermənistan rəhbərliyi də əl altdan maneçilik törətdiyindən Qarabağda  fəaliyyəti effektli alınmır, başqasıyla əvəzlənsə yaxşıdır. Açığı onun bu istəyinə əməl ediləcəyinə tam əmin deyiləm. Ancaq bir şey aydındır ki, İran və Fransanın regionda sülhpozucu hərəkətləri Vartanyan geri dönsə də, dönməsə də, onu Xankəndinə göndərənlərin vartanyanlıqlarını daha əzmlə davam etdirmələrinə yol açır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31