Azərbaycan özü bu hadisəni izləməyə davam etməlidir - ÖZƏL
9 Fevral 2023 12:23 Siyasət"Xarici İşlər Nazirliyimizin İrandakı səfirliyimizə xain terrorla bağlı verdiyi açıqlamasındakı fikirlərini dəstəkləyirəm".
Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
"Hesab edirəm ki, bu videogörüntülərə baxdıqda, xain terrorçunun əməllərini izlədikdə və təhlil etdikdə aydın olur ki, bu proses əvvəlcədən xüsusi olaraq düşünülmüş, hazırlanmış bir prosesdir və bu şəxs heç də hansısa ailə-məişət zəminində deyil, xüsusi terror aktı törətmək üçün hazırlanmış, təlim görmüş bir terrorçu olaraq bu məsələləri əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirib. Onun bütün fəaliyyətləri soyuqqanlı şəkildədir. Səfirliyimizin əməkdaşını istər şəhid etməsi, istər yaralaması və bizim səfirliyimizin əməkdaşı ilə əlbəyaxa olması, hətta səfirlikdən çölə çıxarılandan sonra belə yenidən qapıya hücum etməsi, eyvana atəş açması və s. göstərir ki, bu şəxs xüsusi şəkildə hazırlanmış soyuqqanlı şəkildə davranan, peşəkar bir terrorçudur.
Bu hadisəyə istər qapıda dayanan polisi, istər bu səs-küyü eşidə biləcək mühafizə orqanlarının nümayəndələri və şəxslərin, ümumiyyətlə heç kimin bu prosesə müdaxilə etməməsi bizim şübhələrimizi artırı ki, bu İran daxilindəki müəyyən qrupların, qüvvələrin xüsusi hazırlanmış terror təxribat hadisəsidir.
Bu proseslərdə daha çox SEPAH-ın adı çəkilir. Mən hesab edirəm ki, bütün bu videoda görünən hadisələri izləyərkən, bizim səfirliyimizi müdafiə edərkən yaralanan şəxslərin müsahibələrinə baxarkən, insanda bu təəsürat yaranır. Düşünürəm ki, Azərbaycan özü bu hadisəni izləməyə davam etməli, bu xain terrorun üstünün açılması və səbəbkarların cəzalandırılması üçün qəti addımların atılmasını özü həyata keçirməlidir. İnanmıram ki, başqa hansısa halda biz bu terror halının əsas səbəblərini aydınlaşdıra bilək".