İran Azərbaycana qarşı yönəlmiş istənilən təxribatın iştirakçısı olmaq potensialına sahibdir

Pərviz Mirizadə: "Tehran ölkəmizi zəiflətmək üçün hətta şeytanla da belə ittifaqa girməyə hazırdır"

İranla Ermənistanın Azərbaycana qarşı birgə mübarizəsi, ölkəmizin ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə fəaliyyətləri yeni bir şey deyil və zaman-zaman bu iki şər qüvvənin Azərbaycan əleyhinə birgə əməkdaşlığı barədə deyilib və faktlarla təsdiq olunub. Ötən gün isə yerli mediada Tehran-İrəvan cütlüyünün Azərbaycana qarşı yeni bir təxribatı, hətta ərazimizə hücum planı barədə məlumat yayılıb.

Məlumatda qeyd edilirdi ki, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. Onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Bildirilir ki, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşir və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Ermənistan Milli Təhlükəsizlik Xidməti, hazırlıq işləri aparır. Bir sözlə İrandan SEPAH-ın da xüsusi əməliyyatda iştirak edəcəyi iddia olunur.

Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.

Plana əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi nəzərdə tutub. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu "düşmənin canlı qüvvəsini məhv etmək" tapşırığı alan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi tərəfindən həyata keçirəcək.

Azərbaycan ordusunun əsgərlərinin formasında, lakin ermənilərdən ibarət olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək.

Bu təxribatlara cavab olaraq isə Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Hətta əməliyyatlarda İranın kamikadze pilotsuz təyyarələrindən də istifadə edilməsi mümkündür.

AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, yayılan məlumat iddia səviyyəsində olsa da, lakin onuda nəzərə almaq lazımdır ki, İran dövləti Azərbaycana qarşı yönəlmiş istənilən təxribatın iştirakçısı olmaq potensialına sahibdir: "Bu məqsədlə bu kimi iddiaları gözardı etmək yalnış olar. Onu da nəzərə almalıyıq ki, Vətən Müharibəsindən sonra  İran hökuməti, Silahlı Qüvvələrinin nümayəndələri və İslam keşikçiləri korpusunun əməkdaşları Ermənistan ordusunun silah-sursatla təmin olunmasında və şəxsi heyətin hazırlanmasında aktiv şəkildə iştirak edir. Azərbaycan ordusunun pilotsuz uçuş aparatları və kamikadze dron istifadəsindən təsirlənən və bunu acı təcrübə olaraq yaşayan Ermənistan hökuməti, ordunun pilotsuz uçuş aparatları təminatını faktiki olaraq İran vasitəsilə təmin edir". Pərviz Mirizadənin sözlərinə görə,  Ukrayna-Rusiya müharibəsindən yaxşı tanıdığımız HESA Şahid 136 dronları artıq bir müddətdir ki,  Ermənistan ordusunun silahlanmasına qəbul edilib: "Rəsmi İrəvan Aİ missiyasının bölgəyə gəlişi ilə əlaqədar gərginliyi artırmaq, daha sonra həmişəki kimi Azərbaycanı ittiham etməklə məlum missiyaya, Azərbaycanı təcavüzkar ölkə kimi qələmə verəcək sübutlar təqdim etmək məqsədi güdür. Baxmayaraq ki,  İran tərəfi Aİ missiyasının regiona gəlməsini o qədər də isti qarşılamır, lakin Azərbaycanın əlehinə cərəyan edəcək istənilən proses Tehranın maraqlarına uyğundur".

AVP rəsmisi sonda bunları qeyd edib: "Bütün bunlardan gəlinən nəticə ondan ibarətdir ki, İran Azərbaycanı zəiflətmək üçün hətta şeytanla da belə ittifaqa girməyə hazırdır. Birinci Qarabağ Müharibəsi və ondan sonrakı dövrdə, eləcə də 44 günlük Vətən müharibəsi zamanı biz bunun əyani şahidinə çevrildik".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31