Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqı öz milli və dini bayramlarını azad, sərbəst qeyd etmək hüququ əldə etdi, ölkə vətəndaşlarının müqəddəs yerlərə ziyarətinin təşkili üçün şərait yaradıldı. İllər boyu baxımsızlıqdan uçub dağılmış pir və ziyarətgahlar fəaliyyətini yenidən bərpa etdi, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Qeyd olunan müsbət dəyişikliklərlə yanaşı dini durumda narahatlıq doğura biləcək məqamlar da müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edən qüvvələr meydana çıxdı. Onlar bütün imkanlarını səfərbər edərək qeyri-ənənəvi dini təlimləri təbliğ edir, dini durumun gərginləşdirilməsinə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasına çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin üzərinə ciddi vəzifələr düşürdü. Dövlət nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı, dözümlülük ənənələrini qorumalı, dini fəaliyyət sahəsində cərəyan edən hadisələri təhlil etməli və dini durumu nəzarətdə saxlamalı idi. Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi durum bu vəzifələrin uğurla həyata keçirilməsinin bir o qədər də asan olmadığını söyləməyə əsas verirdi. Belə bir şəraitdə cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradılmasına ehtiyac var idi. Bütün mövcud çətinliklərə baxmayaraq 2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində İlahiyyat İnstitutunun yaradılması barədə tarixi sərəncam imzaladı. Məlumat üçün qeyd edək ki, institutun yaradılmasında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi baza rolunu oynayıb. Fakültə 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuş və 2017-ci ilə kimi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərib. 2018/2019-cu tədris ilində müvafiq Sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin ləğv edilməsi və Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsi məsələlərinin icrası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilib.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması müstəqillik illərində dini fəaliyyət sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir: "Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 5 il ötür. 2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə tarixi sərəncam imzaladı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dini fəaliyyət sahəsindən qəbul edilən ən mühüm qərarlardan biri də Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. Bu gün bölgəmizdə və dünyada baş verən proseslər hər bir ölkənin dövlət-din münasibətləri siyasətini düzgün həyata keçirməsinin, dini təhlükəsizliyini təmin etməsinin, öz milli kadrlarını hazırlamasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir. Vaxtında öz dini təhlükəsizliyini təmin edə bilməyən ölkələr bu gün çox ciddi sınaqlarla üzə-üzədirlər. Zaman-zaman ölkəmiz də belə təhdidlərlə üz-üzə qalır. Onu da təəssüflə qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə çoxlu sayda gənc zərərli təsir və təbliğata məruz qaldı. Bu gün də onların bir qisminin gözü ayrı-ayrı ölkələrdədir. Azərbaycanın yox hansısa ölkənin dini ideologiyasını ölkəmizdə yaymaqla məşğuldurlar. Burada söhbət həm də gecə-gündüz bütün platformalarda, o cümlədən sosial şəbəkələrdə aparılan təbliğatdan gedir.  Bu gün Azərbaycanda Prezident İlham Əliyev səviyyəsində ən çox diqqət yetirilən sahələrdən biri də dini fəaliyyət sahəsidir. Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən ölkə rəhbərliyinin qayğı və diqqətini ən yüksək səviyyədə hiss edib. İnstitutun yaranmasından sonra qısa müddətdə institut yeni bina ilə təmin olundu. Ən müasir üslubda təmir olunaraq istifadəyə verildi. Heç şübhəsiz ki, Azərbaycan İlahiyyat İnstitutu qısa müddətdə böyük inkişaf yolu keçib. Ancaq qarşıda hələ çox mühüm vəzifələr durur. Ən mühüm vəzifələrdən biri də yüksək intellektual səviyyəyə, zəngin biliyə və dünyagörüşünə  malik vətənpərvər mütəxəssislərin yetişdirilməsidir. Bu vəzifələrin uğurla icra olunması üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu həm də milli və dövlətçilik məsələsidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31